Gürcüstanda 551 Azərbaycan vətəndaşına yaşayış icazəsi verilib

- HESABAT
05 Noyabr 2019 - 12:56

Gürcüstanda 2015-2018-ci illərdə ailəsinə qovuşmaq məqsədilə 551 Azərbaycan vətəndaşına yaşayış icazəsi verilib.

“Report”un yerli bürosu xəbər verir ki, bu göstərici Gürcüstanın Miqrasiya Məsələləri üzrə Dövlət Komissiyasının 2019-cu il üzrə “Miqrasiya profili” hesabatında əks olunub.

Təkcə ötən il 86 Azərbaycan vətəndaşı ailəsinə qovuşmaq üçün Gürcüstanda yaşayış izni əldə edib.

Son dörd ildə qonşu ölkədə ailəsinə qovuşmaq məqsədilə əcnəbi vətəndaşlara, ümumilikdə, 8 396 yaşayış icazəsi təqdim edilib.

Sənəddə qeyd olunub ki, yaşayış icazələrinin böyük əksəriyyətini İran, Türkiyə, Azərbaycan, Rusiya, Ukrayna, Ermənistan və Hindistan vətəndaşları alıblar. Son illər ərzində bu sənədin verildiyi İran vətəndaşlarının sayı nəzərəçarpacaq dərəcədə artıb. Yalnız 2018-ci ildə ailəsinə qovuşmaq üçün 907 İran vətəndaşı Gürcüstanda yaşayış icazəsi alıb.