“Gürcüstanda İŞİD-in təlim bazaları yoxdur…” –Tiflisdən Türkiyə MİT-nə REAKSİYA

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti ölkə ərazisində İŞİD terror qruplaşmasının təlim bazaları olması barədə Türkiyə MİT-nin açıqlamasını təkzib edib. 

Azpost.info gürcü KİV-lərinə istinadən bildirir ki, bununla bağlı Dövlət Təhlükəsizlik Xidmətinin Terrorla Mübarizə Mərkəzinin direktoru vəzifəsini icra edən Baça Mqeladze brifinqdə açıqlama verib.

“Biz Gürcüstan ərazisində terror məqsədləri üçün hərbi təlim və təlim bazalarının olması ilə bağlı xarici KİV-də yayılan məlumatları qəti şəkildə qəbul etmirik”-deyə Baça Mqeladze qeyd edib.

Mqeladzenin sözlərinə görə, Gürcüstanda heç bir növ terror qruplaşması yoxdur: “Gürcüstanda hərhansı təlim düşərgələri və terrorçuların və döyüşçülərin təlimi yoxdur. Sizə daha ətraflı deyim, Dövlət Təhlükəsizlik Xidmətində uzun müddətdir araşdırma aparılır, bu araşdırma çərçivəsində biz genişmiqyaslı və rezonans doğuran, həyəcan verici məlumatlar əldə etmişik və onları operativ şəkildə tərəfdaşlarımızla paylaşmışıq. Bundan əlavə, Türkiyə tərəfinə məlumat vermişik və buna uyğun olaraq, tərəfimizdən verilən məlumat əsasında Türkiyənin antiterror xidməti və müxtəlif bölmələri dünən, mayın 5-də Türkiyənin iki məntəqəsində genişmiqyaslı antiterror əməliyyatı keçirib”, – deyə Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndəsi vurğulayıb.

Həbs olunan şəxsin hansı ölkənin vətəndaşı olması və ya hazırda harada olması sualına gəlincə Baça Mqeladze bildirib ki, istintaqın maraqlarına görə indiki mərhələdə təfərrüatlardan danışmayacaq. Lakin onun sözlərinə görə, iş çox irimiqyaslıdır və ona görə də Gürcüstanın beynəlxalq tərəfdaşları istintaqa cəlb olunub.

Xatırladaq ki, Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) İŞİD terror qruplaşmasının Gürcüstanda “Cihad Qrupu” yaradaraq təlimlər keçdiyi barədə məlumat açıqlayıb. “Anadolu” agentliyinin yaydığı məlumatda bildirilir ki, Diyarbəkir Prokurorluğunun başlatdığı istintaq çərçivəsində Şəhər Polis İdarəsinin Terrorla mübarizə şöbəsi və MİT birgə əməliyyat keçirib. Aparılan araşdırmalar nəticəsində İŞİD terror qruplaşmasının Türkiyədə “Əhlaq və Sünnət Dərgisi” adı altında yeni bir təşkilat formalaşdırdığı üzə çıxarılıb.

Bu təşkilatın Gürcüstan, Azərbaycan, İraq, Mali, Sudan, Əlcəzair və Liviyada da fəaliyyət göstərdiyi müəyyənləşib.

Məlumata görə, qruplaşma “Cihad Qrupu” formalaşdırıb, təlimlərini Gürcüstanda keçib. Qeyd olunub ki, onlar hərbi toqquşmalar olan bölgələrə göndərilirlər. Xatırladaq ki, Türkiyə təhlükəsizlik qüvvələri mayın 5-də Ankara və Diyərbəkir şəhərlərində əməliyyat keçirib. Nəticədə İŞİD terror qruplaşmasının ümumilikdə 96 üzvü saxlanılıb.

Azpost.info

Əvvəlki məqalə

“Bakı Marafonu 2023”-ə start verildi

Sonrakı məqalə

Novxanıda tanınmış plastik-cərrah öldürüldü –