Həbsdə olan Vilyam Hacıyev xəstəxanaya köçürülüb –

Vəziyyəti ağırdır
29 Sentyabr 2021 - 12:13
İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyev koronavirusa yoluxub.
APA-nın əldə etdiyi məlumata görə, sabiq icra başçısının COVID-19 xəstəliyi ilə bağlı verdiyi analizin cavabı pozitiv çıxıb.
V.Hacıyev Ədliyyə Nazirliyinin ixtisaslaşmış Müalicə müəsisəsinə köçürülüb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, Vilyam Hacıyevin cinayət işi üzrə dünən keçirilməli olan məhkəmə prosesi təxirə salınmışdı. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hakim Azər Paşayev bildirib ki, Bakı İstintaq Təcridxanasından məhkəməyə sabiq icra başçısının səhhətinə görə prosesdə iştirak edə bilməməsi ilə bağlı bildiriş göndərilib. Vilyam Hacıyevin 37.4 dərəcə temperaturu olub və ağciyərinin hər iki tərəfində pnevmoniya əlamətləri müşahidə edilib.
Vilyam Hacıyevin səhhəti ilə bağlı problem olmasa, prosesin oktyabrın 8-də davam etdiriləcəyi bildirilib.
Xatırladaq ki, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin icra hakimiyyətinin sərəncamında olan vəsaitlərin sosial yardım adı altında bir hissəsini ələ keçirilməsini, eləcə də ölkə ərazisində xüsusi karantin rejiminin tələblərinin pozulması ilə sərbəst hərəkət etmək üçün bəzi vətəndaşlara saxta arayışların verilməsini tapşırmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsənilən pul vəsaitlərini sahibliyində olan yaşayış evində qəbul etdiyinə əsaslı şübhələr müəyyən olunub.
2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib.