İcbari tibbi sığorta tətbiq olunan rayonlarda həkimlərin maaşları necə olacaq?

- Dəyişikliyə aydınlıq gətirildi
21 Fevral 2020 - 13:03

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi pilot layihə çərçivəsində Yevlax, Mingəçevir və Ağdaş rayonlarında çalışan həkimlərin maaşlarına edilən dəyişikliyə aydınlıq gətirib.

Agentlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, pilot layihənin icrası dövründə icbari tibbi sığorta əlavəsinə görə xəstə qəbulu ilə bağlı normativlər tətbiq olunurdu. Yeni Qaydaya əsasən isə, xəstə qəbulu ilə bağlı normativlər ləğv edilib. Həmin əlavələr isə faiz nisbəti ilə xidmətə görə həvəsləndirici əlavələrdə öz əksini tapır.

Pilot layihə Yevlax, Mingəçevir və Ağdaş rayonlarında həyata keçirilib.

Layihə çərçivəsində icbari tibbi sığorta sistemində çalışan həkimlərin əməkhaqları iki hissədən: baza və mükafat hissəsindən ibarət olub.

Pilot layihəyə əsasən, əməkhaqlarının baza hissəsi Ginekologiya doğum şöbəsində, Reanimasiya şöbəsində, Cərrahiyyə şöbəsində, Endoskopiya ixtisası üzrə çalışan həkimlərdə 540 manat, Uşaq şöbəsində, Uşaq Nevroloji Sanatoriyasında, Fizioterapiya şöbəsində, Terapiya şöbəsində, Vərəm şöbəsində, Yoluxucu xəstəliklər şöbəsində, Poliklinika şöbəsində, Hemodializ şöbəsində çalışan həkimlərdə 240 manat, Təcili Tibbi Yardım Stansiyasında çalışan həkimlərdə 200 manat, Radiologiya şöbəsinin həkimlərində 740 manat, Ailə sağlamlıq mərkəzinin həkimlərində isə 360 manat artırılıb.

Məsələn, Cərrahiyə şöbəsində çalışan cərrah Nazirlər Kabinetinin qərarına əsasən 228 manat məbləğində əməkhaqqı alırdısa, icbari tibbi sığorta sistemində çalışan cərrahın əməkhaqqı 540 manat artırıldıqda onun maaşı 768 manat məbləğində olub.

Şöbə rəhbəri funksiyalarını yerinə yetirən həkimlərin iş yükünün və gərginliyinin nəzərə alınması məqsədilə onların əməkhaqları qeyd edilən əlavələrin 15%-i həcmində artırılıb.

Mükafat hissəsinə gəldikdə isə, bu, həkimin gündəlik normativdən yuxarı xəstə qəbul edib-etməməsindən asılı olaraq dəyişib. Belə ki, həkimlərin fəaliyyətinin ölçülməsi və pul mükafatlarının verilməsi məqsədilə göstərdikləri tibbi xidmətlərə normativlər tətbiq olunub. Sözügedən normativlər həkimlər tərəfindən göstərilən fəaliyyətin effektivliyinin kəmiyyət baxımından aşağı və yuxarı həddini müəyyən edirdi.

Uşaq şöbəsində, Uşaq Nevrologiya sanatoriyasında, Fizioterapiya, Terapiya, Poliklinika, Hemodializ şöbələrində terapevt ixtisası istisna olmaqla digər ixtisaslar üzrə çalışan həkimlər üçün gündəlik normativ minimum 10 pasiyentə, yuxarı normativ isə 20 pasiyentdən yuxarı olmamaq şərtilə tibbi xidmətin göstərilməsidir. Yuxarı normativə əsasən, həkimlərə Prezidentin 2016-cı il 28 dekabr tarixi 1181 nömrəli Fərmanı ilə müvafiq tibbi xidmət üçün təsdiq edilmiş tarifin 15%-i həcmində mükafat verilib.

Terapevt ixtisası üzrə çalışan həkimlər üçün gündəlik normativ minimum 12 pasiyentə tibbi xidmətin göstərilməsidir. Yuxarı normativ gündəlik 20 pasiyentdən yuxarı olmamaq şərtilə müvafiq tibbi xidmət üçün təsdiq edilmiş tarifin 15%-i həcmində mükafat verilib.

Cərrahiyyə şöbəsində, Ginekologiya doğum şöbəsində çalışan həkim üçün aylıq normativ 10 pasiyentə əməliyyatın, habelə fizioloji doğuş daxil olmaqla göstərilməsidir. Həkimlərə tibbi xidmət üçün təsdiq edilmiş tarifdən inzibati xərclər çıxıldıqdan sonra hesablanan məbləğin 20%-i həcmində mükafat verilib. İnzibati xərclər dedikdə əməliyyat zamanı istifadə olunan tibbi sərfiyyatın, dərman vasitələrinin dəyəri, habelə kommunal xərclər nəzərdə tutulur.

Məsələn, mədədən yad cisim çıxarılması əməliyyatının dəyəri ƏDV daxil olmadan 500 manatdır. Agentlik bu əməliyyatı həyata keçirmiş tibb müəssisəsinə 18 faiz ƏDV də daxil olmaqla 590 manat pul ödəyir. Əməliyyatı həyata keçirmiş həkimin mükafatı bu qaydada hesablanıb: 500 manatdan təqribi 30 faiz tibbi sərfiyyat çıxılır və nəticədə 350 manat qalır. 350 manatdan həkimə çatacaq 20 faiz isə təqribi 70 manat edir.

Reanimasiya şöbəsində həkim üçün aylıq normativ 10 pasiyentə narkozun verilməsidir. Hər anesteziya (yerli anesteziya istisna olmaqla) üçün həkimə 10 manat məbləğində mükafat verilib.

Mama-ginekoloq ixtisası üzrə çalışan həkimlər üçün normativ tətbiq olunmur. Sığortaolunan hesab edilməyən şəxslərə tibbi xidmətlər göstərildikdə, həkim müvafiq tibbi xidmət üçün təsdiq edilmiş tarifin 15%-i həcmində mükafat alıb.

Həkimlərin maaşı yeni qaydalarla necə hesablanır?

Yeni Qaydaya əsasən, səhiyyə işçilərinin aylıq vəzifə (tarif} maaşı əmək stajı və xidməti fəaliyyətinin qiymətləndirilməsi nəzərə alınmaqla Vahid Tarif Sorğu Kitabçası əsasında 18 dərəcə üzrə müəyyən edilir.