İcma sədri:

“Hamının qəbul etdiyi danışıqlar formatını dəyişdirməyə cəhd təxribatdır”
23 Aprel 2020 - 17:15

“Son günlər Ermənistan Xarici İşlər nazirinin, eləcə də bu ölkənin Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı qanunsuz rejimin qondarma nümayəndəsinin bəyanatları bir daha Ermənistanın əsl xislətini nümayiş etdirib. Ermənistanın danışıqlar pərdəsi arxasında gizlənərək saxta görüntü yaratması, vaxt uzatmağa çalışması və işğala əsaslanan mövcud status-kvonu möhkəmləndirməsi siyasəti bir daha bütün dünyaya bəyan edilib”.

APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevin açıqlamasında bildirilib.

Açıqlamada qeyd olunub ki, Ermənistanın münaqişənin həlli üzrə vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin dəstəklədiyi mərhələli həll variantını rədd etməsi danışıqlar prosesini tamamilə alt-üst edir.