İlham Əliyevin 8 yaşında çəkdiyi şəkil və yazdığı təbrik –DTK-nın sədr müavini Sviqunun nəvəsindən PAYLAŞIM

Azərbaycanın sabiq prezidenti Heydər Əliyevlə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini Semyon Sviqunla dostluq əlaqələri uzun ilik tarixi olub.

Semyon Sviqun 1963-67-ci illərdə Azərbaycan DTK-sına rəhbərlik edəndə Heydər Əliyev onun müavini olub. Daha sonra Sviqun Moskvaya DTK-nın mərkəzi idarəsinə rəhbər işə gedib. Onun yerinə Heydər Əliyev təyin edilib.

Bu illər ərzində onları ailəvi dostluq münasibətlərini həmişə qoruyub saxlayıblar.

Azpost.info bildirir ki, general Sviqunun nəvəsi Violetta Niçkova bu dostluğun maraqlı xatirəsini paylaşıb. Violetta nənəsinin – Rozalina Sviqunun xatirələrindən paylaşımlar edib. Rozalina Sviqun Bakıda yaşadıqları illəri dəftərə köçürüb.

Burada Azərbaycanın müxtəlif rəhbər şəxslərinin Sviqunla əlaqələrindən, iş və gündəlik həyatdan bəhs olunur. Bu sırada Heydər Əliyevin və ailəsinin adı xüsusi hörmətlə çəkilir.

Violetta bildiib ki, SSRİ-də bütün bayram günlərində Sviqun çoxlu sayda təbriklər alıb. Ailə Heydər Əliyevin də həmin illərdə göndərdiyi təbrik məktublarını qoruyub saxlayıb.

Violetta yazıb ki,  1982-ci ilə qədər- Sviqun vəfat etdiyi ilə qədər babası ilə Heydər Əliyevin isti münasibətləri davam edib. Sviqun vəfat etsə də ailələr arasında əlaqələr kəsilməyib. Roza Sviqun və Zərifə Əliyeva daim bir-birilərini axtarıblar.

“Anam Violetta hətta bir dəfə balaca İlhamı Bakıda çimərlikdə xilas edib”-deyə o bildirib.

Ailə arxivimizdə Əliyevlərin babama yazdıqları məktublar, teleqramlar bu gün də durur. Nənəmin Bakıda yaşadığı illərdə yazdığı gündəlikdə həmin dostluq münasibətləri barədə çoxlu maraqlı xatirələr var”-yazan Violetta həmin gündəlikdən bir maraqlı şəkli paylaşıb.

 

Onlardan biri Heydər Əliyevin oğlu, 8 yaşlı İlhamın Sviqunlar ailəsinə göndərdiyi şəkildir.

Balaca İlham çəkdiyi şəkildə qırmızı mürəkkəblə “Əziz və çox qiymətli Roza xalaya İlhamdan. 1969-cu il” yazıb.

Şəkildə SSRİ bayrağı əks olunmuş böyük hərbi gəmi və düşmənə atəş açan hərbçilər təsvir olunub. Havadan paraşütlə düşməyə cəhd edən və suyun içində məhv edilmiş düşmən görünür.

“İlham Əliyev və mən eyni ali məktəbi, MQİMO-nu bitirmişik. O zamanlar eyni dövlətdə doğulsaq da indi müxtəlif dövlətlərin vətəndaşlarıyıq”-yazan V.Niçayeva həmçinin Heydər Əliyevin müxtəlif bayramlarda Sviquna yazdığı təbrik məktublarını da paylaşıb.

Hərbi mövzuda şəkil çəkmək İlham Əliyevin bu peşəyə uşaqlıq marağını göstərir.

Prezident İlham Əliyev müsahibələrinin birində uşaqlıqda hərbçi olmaq istədiyini də etiraf etmişdi: “Uşaqlıqdan general olmaq istəyirdim. Xatırimə gəlir ki, atama 1967-ci ildə general rütbəsi vermişdilər. O zaman çox balaca idim. Amma yaddaşımda dərin iz buraxımışdı… Sonradan hərbçi olmağın əleyhinə deyildim. Amma Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna daxil oldum. Moskvaya gələndə mənim hələ heç 16 yaşım olmamışdı…”-deyə dövlət başçısı xatırlamışdı.

Mərhum Heydər Əliyev 1967-69-cu illərdə Azərbaycan DTK-na sədrlik edib.

Bu təyinatda mühüm bir məqam var. Heydər Əliyevə qədər DTK-nın sədri postuna yalnız rus millətindən olan şəxs təyin olunurdu. Sviqun bu ənənəni pozaraq ilk dəfə azərbaycanlı təhlükəsizlik zabitini bu posta təyin olunmasını təklif edib.

H.Əliyev həmin ilin iyulunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi təyin olunub.

Semyon Sviqun 28 sentyabr 1917-ci ildə Ukraynada anadan olub. Odessa Pedaqoji İnstitutunun tarix fakültəsini bitirib, 1939-cu ilə qədər müəllim və məktəb direktoru işləyib, sonrakı taleyini dövlət təhlükəsizliyi orqanlarında xidmətə bağlayıb.

İkinci Dünya müharibəsinin iştirakçısı olan Semyon Sviqun müharibədən sonra Moldaviya SSR və Tacikistan SSR-in dövlət təhlükəsizlik komitələrində müavin və sədr vəzifələrində çalışıb. 1963-1967-ci illərdə isə o, Azərbaycan DTK-sına rəhbərlik edib.

SSRİ Dövlət Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini Semyon Sviqun 1982-ci ilin yanvarında intihar edib.

Azpost.info

Əvvəlki məqalə

Prezident İlham Əliyev İsrailin sabiq Baş nazirini qəbul edib

Sonrakı məqalə

Bakı-Xırdalan-Bakı istiqamətində əlavə reys təyin edilib