İraq türkmanları muxtariyyət elan edə bilər

11 May 2020 - 16:23

İraqda Mustafa Kazıminin yeni qurulmuş hökumətində türkman nazirin yer almaması türkman deputatların ciddi etirazına səbəb olub.

“Report” “Yeniçağ” qəzetinə istinadən xəbər verir ki, bununla əlaqədar ölkənin türkman millət vəkilləri birgə mətbuat konfransı keçiriblər.

“Bizi məzhəblərə bölmək istəyənlər yenə uğursuz oldular. Türkman millətini təmsil edən nazir olsa və ya olmasa, bu millət əsla çökməyəcək. Kazımi ilə türkmanlara nazirliyin verilməsi məsələsində anlaşmışdıq. Ancaq İŞİD-ə qarşı çiyin-çiyinə savaşdığımız siyasi qrup türkmanlara nazirliyin verilməsini rədd etdi. Türkman elində artıq heç kəs daxili işlərimizə qarışa bilməz. Muxtariyyətin qurulması hüququ konstitusiyada var. Öz bölgəmizdə muxtariyyət elan edə bilərik. Türkman milləti on minlərlə şəhid verdi. Bütün türkman millət vəkillərimiz ciddi bir şəkildə müqavimət göstərdi. Millətimiz təşvişə düşməsin. Mübarizəmiz davam edir”, – birgə açıqlamada bildirilib.

Bundan başqa, İraq türkmanlarının lideri Ərşad Salehi də bununla bağlı yeni qurulmuş hökuməti tənqid edib: “Həmişəki kimi, İraq hökumətində türkmanlara nazirlik verilməyib”.

Qeyd edək ki, türkmanlar İraqın şimalında yaşayan türk etnosudur. Ad oxşarlığına baxmayaraq, türkmanlar Mərkəzi Asiya türklərinə, Türkmənistanda yaşayan türkmənlərə deyil, Azərbaycan, Anadolu türklərinə yaxın olub, Oğuz türklərinin qərb qolundandırlar. Hazırda İraqda türkman əhalisinin sayı 3 milyon civarındadır. Onlar ölkədə əhali sayına görə ərəb və kürdlərdən sonra üçüncü xalqdır.