İraqın baş nazirinə sui-qəsd edilib

07 Noyabr 2021 - 10:21

Bazar günü gecə saatlarında Bağdadda partlayıcı ilə təchiz edilmiş pilotsuz uçan aparat (PUA) vasitəsilə İraqın Baş naziri Mustafa Əl-Kaziminin həyatına sui-qəsd edilib.

Bu barədə baş nazir “Twitter” səhifəsində yazıb: “Allaha şükür, xəsarət almamışam, xalqım arasında yaxşıyam. İraq adına hamını sakitliyə və təmkinliyə çağırıram”.

Mustafa Əl-Kazimi əlavə edib ki, xəyanətkarların raketləri xalqın təhlükəsizliyini təmin edən qəhrəman təhlükəsizlik qüvvələrinin dözümlülüyünü və mətanətini bir zərrə qədər sarsıtmayacaq.

“Al Hadath” telekanalının məlumatına görə, baş nazirin təhlükəsizlik xidmətinin 10 əməkdaşı yaralanıb.

Qeyd edək ki, ilkin olaraq bu xəbəri “Əl Ərəbiyyə” telekanalı yayıb. Bildirilib ki, PUA hücumu baş nazirin Bağdadın “yaşıl zona” adlanan ərazisində yerləşən iqamətgahına edilib.

Daha sonra İraq təhlükəsizlik rəsmiləri bu məlumatı təsdiqləyiblər. İraqın İNA xəbər agentliyinin verdiyi məlumata görə, təhlükəsizlik qüvvələrinin bəyanatında deyilir: “Əl-Kazimi xəsarət almayıb, o, sağlamdır. Təhlükəsizlik qüvvələri bu uğursuz cəhdlə bağlı lazımi tədbirləri görür”.

Hazırda “yaşıl zona”nın bütün girişlərində təhlükəsizlik tədbirləri xeyli gücləndirilib. İraq Silahlı Qüvvələri bəyan edib ki, “yaşıl zona”da təhlükəsizlik vəziyyəti sabitdir və nəzarət altındadır”.