Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko hazırkı dövlət başçısı Vladimir Zelenskidən Rusiyanın mümkün işğalına qarşı müdafiə planı hazırlamağı tələb edib.
Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə o, “Telegram” kanalında yazıb.
“Vladimir Zelenskidən şənbə günü Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasını çağırmağı tələb edirik. İclas parlamentin bütün fraksiya liderlərinin iştirakı ilə keçirilməli və müzakirələrdən sonra vahid və birgə fəaliyyət planı hazırlanmalıdır. Bizim belə bir planımız var və onu Milli Təhlükəsizlik və Müdafiə Şurasına təqdim etməyə hazırıq”, – Poroşenko bildirib.
Sabiq prezident hökuməti müdafiə xərclərini artırmaq üçün təkliflər hazırlamağa, Zelenskini isə ABŞ prezidenti Co Bayden və Britaniyanın Baş naziri Boris Consonla dərhal telefon danışıqları keçirməyə çağırıb: “Siyasətçilərin başlarını qumda gizlətməyə haqqının olmadığı durumdayıq. Zelenski dərhal xalqa müraciət etməli və ölkənin bundan belə necə mübarizə aparacağını söyləməlidir. Biz güclü və möhkəm bir millətik. 2014-cü ildə Putini dayandırdıq və bunu yenidən edəcəyik. Əminəm ki, vəziyyət siyasi-diplomatik şəkildə həll ediləcək”.
Azpost.info