Kanada milyarder Roman Abramoviç də daxil olmaqla 5 Rusiya vətəndaşına sanksiya tətbiq edib. Eyni zamanda, 32 rus şirkəti və dövlət qurumunun Kanadadan müdafiə ləvazimatları almasını qadağan edib.
Azpost.info xəbər verir ki, bu barədə baş nazir Castin Trüdo məlumat verib. Siyahıda Abramoviçdən başqa, biznesmen Alişer Usmanov, MSK rəhbəri Ella Pamfilova, hakim Yelena Morozova və Daxili İşlər Nazirliyinin Ximki üzrə idarə rəhbəri İqor Yançuk da var.
Bu şəxslərin Kanadada fəaliyyətləri qadağan ediləcək və onların aktivləri dondurulacaq. Abramoviç Qərbi Kanadada fəaliyyət göstərən polad şirkəti “Evraz”da 28 faizlik paya sahibdir.
Trüdo deyib ki, Abramoviçə qarşı sanksiyalar “Evraz”da çalışan 1700 nəfərə təsir etməyəcək. “Rusiya məmurlarına və Abramoviç kimi oliqarxlara qarşı sanksiyalar ona yönəlib ki, onlar Kanadadakı iqtisadi fəaliyyətlərdən və ya sərmayələri olan şirkətlərdə çalışan kanadalıların zəhmətindən qazanc əldə edə bilməsinlər”, – baş nazir deyib.
Kanada hökuməti həmçinin Rusiya Xarici Kəşfiyyat Xidməti də daxil olmaqla, Rusiya ordusu və təhlükəsizlik xidmətləri ilə əlaqəli 32 təşkilat və şirkətə qarşı sanksiya tətbiq edib. Azpost.info