Şimali Koreyada COVID-19 virusunun səbəb olduğu xəstəlikdən ötən gün 6 nəfər həyatını itirib.
Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb. Bildirilir ki, təkcə ötən sutka ərzində 18 min nəfərdə qızdırma halı aşkarlanıb.
Hazırda virus səbəbindən təcrid edilən 187 min 800 nəfər müalicə olunur. Ötən sutka qeydə alınan 6 ölüm halından biri “omikron” ştamı ilə əlaqəlidir.
Qeyd edək ki, KCNA agentliyi Şimali Koreyada COVID-19 virusuna ilk yoluxmalar barədə mayın 12-də məlumat yayıb. Agentlik aprelin sonundan ölkədə qızdırmanın sürətlə yayıldığını, təxminən 350 min nəfərdə qızdırma əlamətlərinin müşahidə olunduğunu, indiyədək 162 min nəfərin müalicə aldığını bildirib.
Məsələ ilə əlaqədar Şimali Koreyanın lideri Kim Çen Inın rəhbərliyi ilə Koreya Fəhlə Partiyası siyasi bürosunun təcili iclası keçirilib. İclasda ölkənin virusla mübarizəsində fövqəladə hal elan edilib. Kim Çen In gözlənilməz böhranı dəf etmək üçün bütün şəhər və rayonlarda sərt qapanmaları tətbiq etməyi, ölkənin quru, su və hava sərhədlərində qabaqlayıcı tədbirlərin gücləndirilməsini tapşırıb.
Kim Çen In pandemiya dövründə ilk dəfə qoruyucu maska ilə görünüb.
Şimali Korya son günlərədək ölkədə COVID-19 virusuna yoluxmaların olmadığını bəyan edirdi. Rəsmi Pxenyan COVAX proqramı çərçivəsində peyvənddən də imtina edib.