Koronavirus havanın təmizliyini artırıb, ölüm faizini azaldıb –

Beynəlxalq İqlim Araşdırmaları Mərkəzi
29 Aprel 2020 - 10:20

Bu günlər Pekin və Dehlidə qeyri-adi təmiz hava müşahidə edilir. Los Ancelesdə isə təpəliklərin nadir mənzərəsi görünür.

COVID-19-la bağlı qapanmaların yaxşı tərəfi hava çirkliliyinin azalmasıdır. Belə ki, sənaye və istehsal sahələrində fəaliyyət məhdudiyyətləri və avtomobil qazlarının tullantılarının azalması havanın təmizlənməsinə yardım edib.

Son araşdırmalara görə, şəffaf səma 7 mindən çox vaxtsız ölüm və 7 minə yaxın astma hücumlarının qarşısını alıb: “COVID qapanmaları davamlı deyil və biz bu yolla havanın təmiz saxlanmasını istəmirik” – deyə, araşdırmaların həm-müəllifi, Beynəlxalq İqlim Araşdırmaları Mərkəzinin alimi Kristin Onan bildirib.

Lakin o deyib ki, tədqiqatlar illərlə müşahidə etdiyimiz hava çirkliliyinin ciddi təsirlərini üzə çıxarıb. “Bu, indiyədək gördüyüm hava keyfiyyətinə COVİD-in təsiri ilə bağlı ən əhatəli bir tədqiqatdır” – deyə, British Columbia Universitetinin ətraf mühit sağlamlığı üzrə professoru Maykl Brauer deyib. O, araşdırmalarda iştirak etməyib.

Brauer müəyyən edib ki, sağlamlığa təsir dəyərləndirilmələri olduqca sadələşdirilir.

“Bəli, bəzi sağlamlıq imtiyazları ola bilər. Lakin bunun həqiqətə uyğun olduğunu söyləməkdən çəkinirəm” – deyə, alim bildirib.

Alimlər 27 ölkədə yerləşdirilən 10 min hava monitoru vasitəsi ilə əldə edilən göstəriciləri əvvəlki lllərlə müqayisə edib. Onlar nitrogen dioksid, ozon və ağ ciyərlərin ən dərinliklilərinə sirayət edə bilən və ciddi nəticələrə yol açan PM2.5 kiçik çirkli hava zərrəcikləri kimi 3 sahədə araşdırma aparıb: “Biz indi hava cirkliliyinin sağlamlığa təsirinə dair daha çox şey bilirik. Nitrogen dioksid 4 milyon uşağın astmasını ağırlaşdırır. Ozon və PM2.5 4-lə 9 milyon arasında hər il iflic, ürək, ağ ciyər xəstəlikləri və tənəffüs infeksiyalarından vaxtsız ölümə səbəb olur” – deyə, Onan bildirib.

Araşdırmalar ümumilikdə nitrogen dioksid səviyyəsinin 29%, ozonun 11%, PM2.5-in isə bəzi yerlərdə kəskin səviyyədə azaldığını müəyyən edib. “Evdə qal” göstərişi dövründə vaxtsız ölümlərdə 7400, asma hallarında isə 6600-ə yaxın azalma müşahidə edilib.

ABŞ-ın fəza agentliyi NASA bu yaxınlarda satellit məlumat bazasını açıqlayıb. Məlum olub ki, 2020-ci ilin mart ayında qaz tullantıları 2005-ci ildən bəri rekord səviyyədə aşağı olub.

NASA-nın bildirdiyinə görə, Çinin virusun başlandığı Uhan şəhərində hava çirkliliyi 10%, şərq və mərkəzi bölgələrində isə 40% azalıb.

Bəzi ətraf mühit mühafizəçiləri bunu iqlim dəyişikliyindəki ciddi nəticələrinin qarşısını alınması sahəsində mühüm addımlar atmaq üçün bir fürsət kimi görür. Digərləri isə deyir ki, təmiz hava iqlimə fayda versə də, qlobal səhiyyə böhranının nəticələri ətraf mühit üçün müsbət olmayacaq.