Prezident İlham Əliyevin 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib. Sənəddə də qeyd olunduğu kimi, korrupsiya tarix boyu cəmiyyətlərin üzləşdiyi problemlərdən olub və bu gün də bütün dünya ölkələrində aktual məsələlərdən biri olaraq qalmaqdadır.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvü Əminə Ağazadəyə “İki sahil” qəzetinə müsahibəsində bu sahədə görülən işlər və əldə olunan nəticələr barədə danışıb.
Azpost.info müsahibəni oxuculara təqdim edir:
-Ölkənin dayanıqlı inkişafını şərtləndirən əsas amillərdən biri də şəffaflığın təminatıdır. Korrupsiya ilə mübarizə hər bir müasir dövlət və cəmiyyət üçün ciddi çağırışdır. Dövlətimizin bu istiqamətdə atdığı addımları necə şərh edərdiniz?
– Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi sistemli, kompleks və innovativ xarakteri ilə seçilir. Bu sahədə görülən tədbirlər çərçivəsində korrupsiyaya qarşı mübarizəyə dair milli strategiya və fəaliyyət planları qəbul olunmuş, yeni baxışlar və vəzifələr müəyyən edilmişdir. Son illər korrupsiyaya qarşı həyata keçirilən mübarizə tədbirləri tədqirəlayiqdir. Azərbaycanda korrupsiyaya qarşı mübarizə məqsədilə təkmil qanunvericilik bazası yaradılıb, müvafiq ixtisaslaşmış dövlət qurumları formalaşdırılıb. Bir məsələni də xüsusilə qeyd etmək lazımdır ki, korrupsiyaya qarşı mübarizə məsələsində dövlətin siyasi iradəsinin olması vacib şərtdir. Qətiyyətlə demək mümkündür ki, Azərbaycan dövlətinin korrupsiyaya qarşı mübarizə sahəsində siyasi iradəsi arzuolunan səviyyədədir.
-Dünyada hər il törədilən korrupsiya cinayətləri ölkələrin milli iqtisadiyyatına milyardlarla dollar ziyan vurur. Sübut olunur ki, dəymiş maddi ziyanın əhəmiyyətli hissəsi vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadə etmələri nəticəsində yaranır. Sizcə, korrupsiyanı, ümumiyyətlə, aradan götürmək mümkündürmü? Əgər mümkündürsə necə, hansı yollarla?
-Ümumiyyətlə, korrupsiya istənilən sahədə inkişafa mane olan siyasi və iqtisadi haldır. Hər hansı bir korrupsiya halının baş verməsi qanunun aliliyinin bərqərar olması, yoxsulluğun aradan qaldırılması, iş yerlərinin açılması kimi mühüm proseslərin ləngiməsini şərtləndirir. Həmçinin dövlət xərclərinin artmasına, təhsilin keyfiyyətinin aşağı düşməsinə, savadsız kadrların hazırlanmasına, regionlara ayrılan dövlət investisiya layihələrinin düzgün idarə edilməməsinə gətirib çıxarır.
Korrupsiyaya qarşı mübarizə demokratik və sivil inkişaf yolu seçmiş hər bir dövlətin qarşıya qoyduğu əsas məqsədlərdəndir. Lakin, eyni zamanda, onu da qeyd etmək lazımdır ki, heç bir ölkə korrupsiyadan tam sığortalanmayıb. Amma korrupsiyanın səviyyəsi müxtəlifdir. Elə ölkələr var ki, korrupsiya yox səviyyəsində, bəzilərində isə kifayət qədər yüksəkdir. Bəzi ölkələr inzibati yolla, digərləri isə texnologiyadan istifadə edərək mübarizəni gücləndirir.
Azərbaycanda korrupsiya fəaliyyəti cinayət məsuliyyəti daşıyır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə, həm rüşvət alan, həm də rüşvət verən şəxs cinayət məsuliyyətinə cəlb olunmalıdır. Son illər Azərbaycanda hökumət antikorrupsiya siyasətinin tərkib hissəsi kimi bir sıra qanunlar, proqramlar qəbul edib.
Digər ölkələrin təcrübəsi göstərir ki, korrupsiyaya qarşı mübarizə üsulları arasında ictimai nəzarət, vətəndaş cəmiyyətinin aktivliyi əhəmiyyətli rol oynayır.
-Ölkəmizdə korrupsiyaya qarşı mübarizədə yaxın gələcəkdə hansı yeni texnologiyaların tətbiqi gözlənilir? Sizcə, “ASAN xidmət”, DOST layihələri korrupsiyaya qarşı mübarizə prosesinə hansı yenilikləri gətirdi?
-Artıq uzun müddətdir fəaliyyət göstərən “ASAN xidmət” mərkəzləri korrupsiyaya qarşı mübarizə sahəsində uğurlu formul kimi çıxış edir. “ASAN xidmət”də “Vətəndaş həmişə haqlıdır” prinsipi əsas meyar kimi götürüldü və “ASAN xidmət” modeli dünyada Azərbaycan brendi kimi tanındı. “ASAN xidmət”in yaradılmasının kökündə məhz korrupsiya ilə mübarizə, vətəndaşların üzləşdikləri yersiz süründürməçilik hallarının aradan qaldırılması, insan hüquqlarının təmin edilməsi durur. Son illərin təcrübəsi göstərir ki, korrupsiya ilə mübarizə sahəsində aparılan islahatlar öz effektini göstərməkdədir.
Bu xidmət mərkəzlərinin yaradılmasında başlıca məqsəd artıq xərclərin və vaxt itkisinin qarşısını almaq, xidmətlərin göstərilməsində şəffaflığı təmin etmək, korrupsiya faktlarını aradan qaldırmaq, müasir texnologiyaların tətbiqi, elektron sistemə keçid prosesinin sürətləndirilməsidir.
– Əminə xanım, sizcə, Azərbaycanda korrupsiyaya qarşı mübarizəni daha da gücləndirmək üçün qanunvericilikdə hər hansı dəyişikliklərə ehtiyac varmı?
-Hazırda ölkə rəhbərliyi tərəfindən aparılan hərtərəfli islahatların ən əsas elementlərindən biri də korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsidir. Bu məqsədlə milli səviyyədə həm inzibati, həm də institusional üsullardan geniş istifadə olunur. Korrupsiyaya qarşı mübarizənin davamlı olması, bu sosial bəlanın qarşısının alınması ilə bağlı müasir çağırışlara uyğun effektiv mexanizmlərin tətbiq edilməsi xüsusi əhəmiyyət kəsb edir. Buna görə də həm beynəlxalq, həm də milli səviyyədə korrupsiyaya qarşı mübarizədə yeni təşəbbüslərin irəli sürülməsi zəruridir və bu sahədə icra edilən tədbirlər korrupsiyaya şərait yaradan halların və korrupsiya hüquqpozmalarının səbəblərinin, növlərinin və nəticələrinin qarşısının alınmasına yönəldilməlidir.
– Hazırda Azərbaycan bu sahədə daha hansı addımları atmalıdır? Ölkəmizin korrupsiyaya qarşı mübarizə təcrübəsi beynəlxalq aləmdə necə dəyərləndirilir?
-Korrupsiya ümumbəşəri sosial bəladır və ona qarşı mübarizə yalnız beynəlxalq əməkdaşlıq çərçivəsində daha effektiv ola bilər. Bununla əlaqədar Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsində bütün əsas konvensiyalara qoşulmuş, korrupsiyaya qarşı beynəlxalq təşkilatların fəal iştirakçısına çevrilmiş, habelə Azərbaycan hökuməti, USAİD və Avropa Şurası arasında “Azərbaycanın korrupsiyaya qarşı mübarizə strategiyasına dəstək” layihəsinə dair Anlaşma Memorandumu imzalanmışdır. Dünyanın bir sıra ölkələrində antikorrupsiya tədbirlərini özündə əks etdirən normativ-hüquqi bazanın mahiyyəti və məzmunu ilə bağlı nüanslar müqayisəli şəkildə öyrənilmiş və bu sahədə yeniliklərin Azərbaycanda tətbiqi məsələlərinə xüsusi diqqət yetirilmişdir. Əlavə olaraq qeyd edim ki, 2004-cü ildən Azərbaycan Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Dövlətlər Qrupuna (GRECO) daxil olub. Qurumun son hesabatlarında göstərildiyi kimi, Azərbaycan dövləti təşkilatın tövsiyə etdiyi 21 təklifin 13-nü, yəni 62%-ni artıq yerinə yetirib. Təşkilatın digər hesabatına görə, dövlətimiz antikorrupsiya tədbirlərinin yerinə yetirilməsində ilk on ölkə sırasındadır. GRECO və OECD-nin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsi də daxil olmaqla əksər beynəlxalq qurumların hesabatlarında korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycan Respublikasında həyata keçirilən tədbirlər müsbət dəyərləndirilir.
– Əminə xanım, hamımız bilirik ki, müasir cəmiyyətimizdə insanlar sosial statusuna, iqtisadi vəziyyətinə görə fərqlənirlər. Bəs, ümumilikdə cəmiyyətimizi korrupsiya ilə mübarizəyə necə cəlb etmək olar?
-Nəzərə almaq lazımdır ki, korrupsiya hallarının aşkar edilməsində ictimaiyyətin rolu danılmazdır. Təsadüfi deyil ki, bir müddət öncə ölkə Prezidenti əhalini korrupsiyaya qarşı mübarizədə fəal olmağa çağırmışdı. Məhz bunun nəticəsidir ki, son dövrlərdə həbs edilən məmurların qanunsuz fəaliyyətləri barədə məlumatlar elə həmin ictimaiyyət tərəfindən çatdırılıb. Korrupsiyaya qarşı mübarizə formalarından biri də əhalinin hüquqi cəhətdən maarifləndirilməsi və antikorrupsiya mədəniyyətinin formalaşdırılmasından keçir.
Müşahidələr göstərir ki, korrupsiya və rüşvətxorluğun geniş yayıldığı cəmiyyətlərdə aqressiyanın səviyyəsi daha artıq olmaqla, cəmiyyətin davranışlarına da mənfi təsir göstərir. Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizənin effektivliyinin təmin edilməsi şərtlərindən biri də bu mübarizədə hökumət-vətəndaş əməkdaşlığının təmin edilməsidir. Çünki təcrübə göstərir ki, cəmiyyətə xas problemlərin həllində birtərəfli yanaşma heç də hər zaman effektiv olmur. Təbii ki, bu kimi dərin tarixi köklərə, formalaşmış təcrübəyə və xüsusilə də maddi üstünlükləri təmin edə bilən əməllərə qarşı sadəcə adminstrativ üsullarla mübarizə aparılmasının son nəticəyə təsir imkanları az olur. Məhz bu səbəbdəndir ki, korrupsiya ilə mübarizədə vətəndaşlar da ən azı dövlət qədər məsul olmalı, hökumət isə bu iştirakçılığa şərait yaratmalıdır.