“Kreml etiraz aksiyalarıyla Türkiyə ilə Qərbin arasını vurmağa çalışıb”- "Dosye"

Rusiya hakimiyyəti Türkiyə ilə NATO-dakı müttəfiqlərinin arasını vurmaq və Ukraynanı gözdən salmaq üçün Avropada təxribat xarakterli etiraz aksiyalarından istifadə edib.

Azpost.info xəbər verir ki, bunu “Dosye” mərkəzi Avropanın tanınmış nəşrlərinə istinadən yazıb.

Avropalı jurnalistlərin əldə etdiyi sənədlər belə əməliyyatların Rusiya prezidenti administrasiyasının fəal iştirakı ilə Rusiya xüsusi xidmət orqanları tərəfindən həyata keçirildiyini göstərir. Məsələn, Danimarkanın “Stram Kurs” anti-islam partiyasının lideri bu il yanvarın 21-də Türkiyənin Stokholmdakı səfirliyinin qarşısında “Quran”ı yandırıb. Bundan sonra Ankara İsveçin NATO-ya qəbulu prosedurunu ləngitməyə başlayıb.

Moskva daha sonra avropalı və ya ukraynalı fəallar adından Türkiyə əleyhinə bir neçə tədbir keçirməyi təklif edib. Belə tədbirlərdən ən azı biri baş tutub. Martın 5-də Parisdə Montmartredəki Saint-Pierre meydanında özlərini Ukrayna icmasının üzvü kimi təqdim edən 5 nəfər Türkiyə əleyhinə “Ərdoğan, zəlzələ rus turistlərin əvəzidir” yazılmış plakatı asıb, əllərini nasist salamı ilə havaya qaldırıb və kameraya “Stop, Ərdoğan!” qışqırmağa başlayıb. Bu yolla onlar Türkiyədə 60 minə yaxın insanın həyatına son qoyan zəlzələ fonunda ukraynalıların pis davranışlarını, nankorluqlarını nümayiş etdirməli idilər.

“Ümumilikdə, 2022-ci ilin dekabrından Paris, Haaqa, Madrid və Brüsseldə on anti-Ukrayna aksiyası keçirilib. Çox vaxt onların iştirakçıları başqa məsələlərə həsr olunmuş böyük nümayişlər arasında sadəcə gəzirdilər. Belə ki, fevralın 11-də Parisin Respublika meydanında pensiya islahatına qarşı mitinq keçirildi, bir neçə kişi əllərində “Avropa İttifaqı və ABŞ, Ukraynadakı müharibəni maliyyələşdirməyi dayandırın” şüarı yazılmış plakat tutmuşdu. ” Eyni “fəallar” başqa aksiyalarda da müşahidə olunub. Onlar NATO-nu Donetski bombalamağı və Ukraynaya silah göndərməyi dayandırmağa çağırıblar”, – “Dosye” qeyd edir.

Fransa əks-kəşfiyyatı “Le Monde”a bildirib ki, onlar Rusiya xüsusi xidmət orqanlarının əməliyyatından məlumatlı olublar. Digər Avropa kəşfiyyat agentliyi qeyd edib ki, Rusiyanın dezinformasiya kampaniyaları çox vaxt hibrid müharibədə, məsələn, Türkiyə ilə Aİ ölkələri arasında mövcud olan real gərginlikdən istifadə etməkdən ibarətdir.

Azpost.info

Əvvəlki məqalə

Sabiq nazir müavini həbsdən azadlığa belə çıxdı –

Sonrakı məqalə

Mehriban Əliyeva Şuşa yolundan fotolar paylaşıb