Belarus prezidenti Aleksandr Lukaşenko Dövlət Bayrağı, Gerb və Himni Günündə ictimaiyyət qarşısına çıxmayıb.
Azpost.info bildirir ki, bu barədə bir sıra Belarus KİV-ləri məlumat verib.
Lukaşenko adından təbrik prezidentin saytında dərc edilib. Bayram mərasimində isə təbriki Baş nazir Roman Qolovçenko oxuyub. “Spektr” nəşri yazır ki, son iki ildə bu bayramda Lukaşenko şəxsən çıxış edib.
Belarus prezidenti sonuncu dəfə mayın 9-da Moskvada Qələbə Paradında ictimaiyyət qarşısına çıxıb. Aleksandr Lukaşenko çox yorğun görünüb. Hətta Qırmızı Meydanda 300 metr yeriyə bilməyib, elektromobildən istifadə etməli olub. Bundan başqa onun qolunda sarğı görünüb. Adətən belə sarğı damcı iynəsindən sonra qoyulur.
Lukaşenko Vladimir Putin və Moskvaya gələn digər prezidentlərlə naharda qalmayıb.
O, Minskdə 9 May şərəfinə keçirilən təntənəli mərasimdə çıxış etməyib. Lukaşenkonun əvəzinə müdafiə naziri Viktor Xrenin çıxış edib.
Dumanın MDB işləri üzrə komitəsi rəhbərinin birinci müavini Konstantin Zatulin “Podyom” resursuna Lukaşenkonun xəstə olduğunu təsdiqləyib. Lakin dəqiq nə olduğunu açıqlamayıb: “Fövqəltəbii heç nə yoxdur, o, covid deyil. Adam xəstələnib. Xəstələnməsinə baxmayaraq, Moskvaya gəlməyi özünə borc bildi, sonra həmin gün axşam Minskdə tədbirlər keçirdi. Yəqin ki, bir az dincəlmək lazımdır – bu qədər”, – Zatulin bildirib.
Digər KİV-lər daha əvvəl Lukaşenkonun bədənində endokrin sistem və ürək xəstəliklərinə səbəb olan ciddi nasazlığın olduğunu bildirmişdilər. Qeyd olunub ki, müalicə üçün Moskvadan həkimlər dəfələrlə Minskə uçublar.
Azpost.info