Son illərdə Azərbaycanda məhkəmə-hüquq sistemi islahatlar baxımından yeni mərhələyə qədəm qoyub.
Cəmiyyətdə məhkəmələrə inamın daha da yüksəlməsi, hüququn aliliyinin təmin olunması baxımıdan, məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Prezident İlham Əliyevin 3 aprel 2019-cu il tarixli Fərmanını qeyd etmək olar. Sərəncam ekspertlərtərəfindən həyata keçirilən məhkəmə-hüquq islahatlarının uğurlu davamı kimi qiymətləndirildi.
Konstitusiya Araşdırmaları Fondunun prezidenti, Ədliyyə naziri yanında ictimai komitənin üzvü Əliməmməd Nuriyev Azpost.info-ya müsahibəsində ölkədə məhkəmə-hüquq islahatları ilə bağlı fikirlərini bölüşüb.
-Azərbaycanda bu gün məhkəmə islahatları necə gedir? Bu barədə hansı qənaətləriniz var?
-Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevin 3 aprel 2019-cu il tarixli Fərmanı var. Bu Fərmanı məhkəmə-hüquq sahəsində islahatların həyata keçirilməsi ilə bağlı “yol xəritəsi” də adlandırmaq olar. Sənəddə çoxsaylı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub, bunları icra edəcək şəxslərin dairəsi və müddətlər də müəyyən edilib.
Burada ən mühüm məqamlardan biri məhkəmələrin və hakimlərin nüfuzunun qaldırılmasıdır. Yəni, islahatların əsas qayəsi budur.
Məhkəmə-hüquq sahəsində həyata keçiriləcək islahatlarda əsas istiqamətlərdən biri cəza siyasətinin humanistləşdirilməsi idi ki, bu, artıq müəyyən mənada baş verib. Bundan başqa, qanunvericilik aktlarının təkmilləşdirilməsi, xüsusilə, Mülki Prossesual Məcəllə ilə bağlı xüsusi qrupun yaradırlması nəzərdə tutulmuşdu. Artıq bu proses gedir. İstər mülki, istərsə də inzibati prosessual məcəllədə və digər qanunvericilik aktlarında dəyişiklər edilib.
Məhkəmə instansiyalarının səlahiyyətlərinin dəqiqləşdirilməsi də prioritet məsələlərdən biri idi və bu da artıq baş verib.
Ən mühüm məsələlərdən biri budur ki, artıq Azərbaycanda kommersiya məhkəmələri fəaliyyət göstərir. Məhkəmələrdə şəffaflıq hesabatının artırılması Fərmanda əsas istiqamətlərdən biri hesab olunurdu. Bu yöndə də işlər gedir.
Başqa bir mühüm bir məsələ məhkəmə praktikasının yaxşlışaldırılması, vahid məhkəmə praktikasının tətbiq edilməsi ilə bağlıdır. Müxtəlif məhkəmlərin oxşar işlərlə bağlı müxtəlif qərarlar qəbul etməsi qərar qəbuletmə prosesində xaos yaratmışdı. Ona görə də vahid məhkəmə praktikasının yaradılması ilə bağlı qanunvericilkdə dəyişiklik etdi. Hesab edirəm ki, bu addım gələcəkdə qərarqəbuletmə prosesinin keyfiyyətini artıracaq.
Məhkəmə proseslərində iştirak edən tərəflərin bərabərliyinin təmin edilməsi də vacib məsələlərdən biri idi. Bu istiqamətdə də müəyən addımlar atılıb.
Məhkəmə sisteminin elektronlaşdırılmasını da xüsusi vurğulamaq lazımdır. Artıq demək olar ki, bütün məhkəmə qərarları saytlarda yerləşdirilib. Doğrudur, proses ölkə üzrə bütün məhkəmələri əhatə etməsə də, böyük bir nailiyyətdir.
Alternativ ekspertizanın yaradılması vacib məsələ idi ki, bununla bağlı da işlər gedir. Ekspertiza işlərinin dövlət ekspertiza müəssisələri tərəfindən həyata keçirilməsi istər-istəməz ekspertiza qərarlarına şübhə ilə yanaşılmasına gətirib çıxarırdı. İstənilən şəxs istənilən vaxt hansı məhkəmə iclasının nə zaman, hansı zalda keçirilməsi ilə bağlı ətraflı məlumat ala bilər. İşlərə əlavə edilən məlumatları elektron qaydada göndərə bilər və s. Bu, həm vaxta qənaətdir, həm də əlavə xərclərin qarşısını alır.
Məhkəmə iclaslarının audioyazısının həyata keçirilməsi də islahatların tərkib hissəsidir. Bu, vəsatətlərə düzgün reaksiya verilməsinə və sübutların, dəlillərin daha dəqiq qiymətləndirilməsi imkanı yaradır. Eyni zamanda tərəflər irad və təkliflərini də vermək imkanına malik olurlar ki, bu da məhkəmə qərarlarının tamlığına, keyfiyyətinə öz təsirini göstərir.
– Məhkəmə-hüquq sahəsində indiyə qədər aparılan islahatları yetərli hesab etmək olarmı?
– Bunu söyləmək bir qədər çətindir. Doğrudur, irəliləyişlər var. Hakim korpusunun genişlənməsi baş verir. Hakimlərin maddi-sosial müdafəsinin yaxşılaşdırılması gündəmdədir. Amma sosial müdafiə məsələləri də yetərli səviyyəyə çatmayıb.
Burada mən xüsusi olaraq məhkəmə aparat işçilərinin maddi-sosial təminatına diqqət çəkmək istəyirəm. Hesab edirəm ki, onların maaşı çox aşağıdır və bu da bütövlükdə ədalət mühakiməsinin bütün komponentlərinin həyata keçirilməsinə təsir göstərir. Eyni zamanda peşəkar axınının baş verməsinə gətirib çıxarır. Aşağı əmək haqqı alan məhkəmə aparatında çalışan şəxslər şübhəsiz ki, uzun müddət orada qalmırlar. Bu da əlbəttə ki, hazırlanan qərarların, bütövlükdə prosesin kefyfiyətinə mənfi təsir göstərir.
-Cərimələrin artırılması ilə bağlı narazılıq var. Sizcə, cərimələrin artırılması doğrudurmu?
-Bəli, bu tendensiya müşahidə olunur. Bir tərəfdən baxsaq, Cinayət Məcəlləsində alternativ cəza kimi cərimələrin tətbiq edilməsi yaxşıdır. Bu cəza siyasətinin humanistləşdirilməsi kimi də qiymətləndirilə bilər.
Amma hüququn bütün sahələrində cərimələrin, rüsumların artırılması əlbəttə ki, birmənalı qarşılanmır. Hesab edirəm ki, cərimələrin məbləği müəyyən edilərkən orta aylıq əmək haqqı nəzərə alınsın. Yəni, elə məbləğ olmalıdır ki, vətəndaşın onu ödəməyə imkanı olsun.
Başqa bir məsələ qanunvericilik aktlarının hazırlanması ilə bağlıdır. Hesab edirəm ki, qanunvericilik aktlarının hazırlanması prosesinə daha geniş ictimaiyyəti cəlb etmək lazımdır. Bu prosesdə maraqlı tərəflərin iştirakı vacibdir. Biz bir çox qanun layihələri ilə sənəd Milli Məclisə daxil olduqdan sonra tanış oluruq.
Qanunvericilik aktlarının hazırlanmasında maraqlı tərəflərin iştirakı təmin olunsa daha yaxşı olar.
Vətəndaşlara pulsuz hüquqi yardımla bağlı da problemlər var. Bununla bağlı hələ qanun qəbul edə bilməmişik. Doğrudur, dövlət hesabına hüquqi yardım göstərən vəkillər var. Lakin bu aztəminatlı ailələrin keyfiyyətli hüquqi yardım alması üçün yetərli deyil.
-İctimai rəydə ədalətli məhkəmə anlayışı üçün nələr təmin olunmalıdır?
-Ədalətli məhkəmə məsələsini hələ ki, cəmiyyət tam mənimsəməyib. Yəni, bu gün Azərbaycan cəmiyyətində məhkəmələrin azad olmaması fikri dominantlıq təşkil edir. Əlbəttə islahatların dərinləşdirilməsi müəyyən zaman tələb edir. Müəyyən streotiplər var ki, onlar dağıdılmalıdır.
Məsələn, məhkəmələrdə iyerarxik sistemin qaldırılmasına ehtiyac var. Əlbəttə birinci, ikinci instansiya məhkəmələri olmalıdır. Bu qanunun tətbiqi ilə əlaqədardır. Amma biri də var ki, inzibati nəzarət. Bu aradan qaldırılmalıdır. Hakimlər müstəqildir və onların qərarların qəbulunda da sərbəst olmalıdırlar. Hakimlərə bu imkanı daha geniş şəkildə vermək, ümumiyyətlə, bu davranışı yaratmaq vacib məsələdir. Amma hələ ki, biz bunun şahidi ola bilməmişik.
-Hakim hazırlığı və yeni hakimlərin işə qəbulu ilə bağlı nə demək olar?
-Hakimlərin seçkisi şəffafdır. Biz prosesdə iştirak edirik və bunu görürük. Bu proses 8, bəzən 14 mərhələli olur. Buraya test imtahanı, təlimlərin keçirilməsi və s. bu da əlbəttə hakimlərin peşəkarlığına müsbət təsir göstərir. Amma hələ ki, məhkəmə hakimiyyəti ilə bağlı narazılıqlar və narahatlıqlar qalmaqdadır. İslahatları o zaman tam hesab etmək olar ki, vətəndaş bunu öz üzərində hiss etsin. Vətəndaşda qənaət yaransın ki, qəbul edilən qərarlar ədalətlidir. Doğrudur, ayrı-ayrı nümunələr var, amma bu, kiayət deyil.
Hakimin yeganə işi öz üzərində çalışmaq, ədalətli qəararların qəbulunu təmin etməkdir. Bu gün hakimlərin azlığı da qərarların keyfiyyətinə təsir edir. Onların sayı 800-ə çatdırılıb. Lakin yenə də hakimlərə ay ərzində 100, bəzən daha çox iş düşür ki, bu da ədalət mühakiməsinin keyfiyyətinə təsir göstərir. Ona görə də hakimlərin sayının artırılmasına ehtiyac var.
Başqa bir məsələ hakimlərin maaşı ilə bağlıdır. Hesab edirəm ki, hakimlərin əmək haqqı 8-10 min manata qaldırılsa, yaxşı olar. Çünki indiki maaş onların normal fəaliyyət göstəmrəsini təmin etməyə qadir deyil.
-Avropa Məhkəməsi ilə Azərbaycanın əməkdaşlıq imkanlarını necə qiymətləndirirsiniz?
-Avropa Məhkəməsi ilə əməkdaşlıq bir neçə istiqamətdə gedir. Biz Avropa İnsan Haqları Konvensiyasına qoşulmuşuq. Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasındayıq. Ölkədaxili müdafiə vasitələri tükəndikdən sonra vətəndaş Avropa Məhkəməsinə müraciət edə bilər. Bu gün bu müraciətlər edilir, müəyyən qərarlar da var və bu qərarlar Azərbaycanda üstün hüquqi qüvvəyə malikdir. Yəni, Azərbaycan məhkəmləri də qərarlarını Avropa Məhkəməsinin qərarlarına uyğun olaraq qəbul etməlidir.
Başqa bir istiqamət ondan ibarətdir ki, qarşılıqlı müzakirələr, təlimlər keçirilir. Orada Azərbaycana mütəxəssislər gəlir, yaxud buradan gedirlər. Ortada çox yaxşı kommunikasiya strategiyası var. Bu, çox müsbət haldır.
Əlbəttə ki, Avropa Məhkəməsi yüksək hüquqi instansiyadır və bütövlükdə hüquq sisteminə təsiri var.
Amma bəzi hallarda bizim məhkəmlər tərəfindən məhkəmə praktikası doğru tətbiq edilmir. Avropa praktikası yaxşı öyrənilmir. Avropa Məhkəməsinin qərarlarına istinad edilir, amma biz bu istinadın tətbiqini, sübutların qiymətləndirilməsi ilə bağlı əlaqəni görmürük. Bu istinadlar formal xarakter daşıyır.
V.Məmmədov
Azpost.info
Yazı MEDİA Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb