Milli Məclisin deputatları vəkillərlə görüşüb –FOTOLAR

Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi üzvlərinin “Arbitrium” Vəkil Bürosunun yeni açılmış ofisində vəkillərlə görüşü keçirilib.

Bu barədə adı çəkilən bürodan məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycanda vəkilliyin inkişafı, vətəndaşlara keyfiyyətli hüquqi yardım göstərilməsi ilə bağlı məsələlər müzakirə olunub. Tədbiri açan “Arbitrium” Vəkil bürosunun direktoru Polad Mehdiyev qeyd edib ki, Prezident ilham Əliyevin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2018-ci il tarixli Sərəncamı vəkilliyin inkişafına böyük təkan verib.

Onun sözlərinə görə, Sərəncamın preambulasında güclu və nüfuzlu vəkillik institutu ilə bağlı proqram xarakterli fikir və müddəalar inkişafda olan vəkilliyin əsas devizinə çevrilib.

“Cənab Anar Bağırovun Vəkillər Kollegiyasının sədri seçilməsindən və qeyd edilən sərəncamın icrasından sonra demək olar ki, vəkilliyin inkişafında böyük dönüş yarandı. Aparılan islahatlar nəticəsində vəkillik institununun siması tamamilə dəyişib”,-deyə büro rəhbəri vurğulayıb.

P.Mehdiyev əlavə edib ki, qeyd edilən səbəblərdən “Arbitrium” Vəkil Bürosu təsis edilib və qısa müddətdə özündə hüququn müxtəlif sahələrini bilən peşəkar hüquqşünaslar birləşdirib.

Milli Məclisin deputatı, Məhkəmə-Hüquq Şurasının üzvü Nizami Səfərov çıxışında bildirib ki, vəkillik sahəsi bu gün ölkəmizin ən mühüm hüquqi institutlarından birinə çevrilib. O, vəkillərin cəmiyyətdə rolunun artmasına diqqət çəkib: “Ümumiyyətlə vəkillik məhkəmə-hüquq islahatları çərçivəsində ən mühüm yerlərdən birini tutur və tutmalıdır. Bu cür vəkillik bürolarının açılması çox fərəhləndirici haldır və mən əminım ki, belə vəkil bürolarının sayı nə qədər çox olarsa, o qədər əhaliyə yüksək səviyyəli, keyfiyyətli hüquqi yardım göstəriləcək”. Millət vəkili vurğulayıb ki, adətən belə vəkil bürolarında kifayət qədər təcrübəli məhkəmə – hüquq praktikasını, mülki prosesi, cinayət prosesini, mülki prosessual qanunvericiliyi, cinayət prosessual qanunvericiliyini və qanunvericiliyin digər sahələrini bilən təcrübəli insanlar toplanır. Bu fəaliyyətə gənclərin cəlb edilməsini fərəhləndirici hal sayan N.Səfərov, onlara uğurlar arzulayıb.

Millət vəkili Vüqar İsgəndərov isə bildirib ki, vəkillik institunun qarşısında çoxlu məqsədlər var və onların ən birincisi məhkəmə – hüquq islahatlarının həyata keçirilməsidir: “Hazırda bu istiqamətdə mühüm addımlar atılır. Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvi kimi yaxın gələcəkdə inzibati və prosessual dəyişikliklərlə bağlı təqdimatlarım olacaq. Yada salmaq istəyirəm ki, iki il əvvəl, yəni birlikdə çalışdığımız illərdə bu konteksdə kifayət qədər müzakirələrimiz olub. Yeni prosessual məsələlərlə bağlı vəkilləri düşündürən, narahat edən hallar var ki, onlar vaxtaşırı öz təkliflərini irəli sürürlər. Ümumiyyətlə, bu cür müzakirələrin olması o deməkdir ki, sözügedən instituta böyük maraq var. Çünki dövlət adından qərar verən məhkəmə hakimiyyətinin, qanunun aliliyinin təmin olunması vacibdir. Ona görə də bu sahədə islahatlar qaçılmazdır və düşünürəm ki, gələcəkdə də davam edəcək. Əsas məqsədlərdən biri vəkilliyin nüfuzunun daha da artırılmasıdır. Düşünərm ki, son illərdə Vəkillər Kollegiyasının sədri Anar Bağırovun rəhbərliyi ilə bu institutun nüfuzu daha da artıb”.

Daha sonra toplantı vəkillər çıxışları və qarşılıqlı fikir mübadiləsi ilə davam etdirilib.

Əvvəlki məqalə

Bakıda 20 velosiped oğurlayan şəxs ələ keçdi

Sonrakı məqalə

Belarus da dost olmayan ölkələrin siyahısını açıqladı