“Donbasda vəziyyətlə bağlı yeganə sənəd “Minsk razılaşmaları”dır”. APA-nın Rusiya Prezidenti Vladimir Putinin illik mətbuat konfransında iştirak edən Moskva müxbirinin məlumatına görə, bunu V. Putin “Normand dördlyü”nün Paris görüşü barədə sualı cavablandırarkən deyib.
Rusiya lideri qeyd edib ki, Paris görüşündən sonra Ukrayna Prezidenti Vladimir Zelenskinin “Minsk razılaşmaları”na yenidən baxılmalı olduğu barədə açıqlaması onda narahatlıq yaradıb.
“Donbasda vəziyyətlə bağlı yeganə sənəd “Minsk razılaşmaları”dır. “Minsk razılaşmaları”na yenidən baxılması nəticəsində isə proses dalana dirənəcək”, – deyə V. Putin vurğulayıb.
Rusiya lideri “Normand dördlüyü” formatının məqsədyönlü olduğunu bildirib. V. Zelenski ilə gələn ilin aprelində növbəti görüşün keçirilməsinin mümkünlüyünə toxunan Rusiya lideri diqqətə çatdırıb ki, görüş məsələsi müsbət dəyişikliklər baş verəcəyi təqdirdə, aktual olacaq.
Putin vəziyyətin bu həddə çatmasında Ukraynanı günahlandırıb: “Kiyev özü Donbası blokadaya alaraq, ayrı saldı”.
Donbasda xarici qoşunların olmadığını vurğulayan Rusiya Prezidenti Ukrayna hakimiyyətinin Donbasa birbaşa daşıqlar aparmalı olduğunu qeyd edib.
O, problemin güc yolu ilə həllinin olmadığını söyləyib.