Müharibə və səfərbərlik başlayandan sonra Rusiyanı tərk edib onu nüfuzdan salan vətəndaşlara ölkədə biznes fəaliyyəti qadağan olunacaq.
Azpost.info xəbər verir ki, bundan başqa, onların əqli mülkiyyətə aid əsərlərindən müəllif hüquqları ilə bağlı gəlir əldə etmələrinə qadağa qoyulacaq. Bəziləri isə dövlət mükafatlarından və adlarından məhrum ediləcəklər.
Parlamentin aşağı palatasındakı mənbə bildirib ki, müvafiq qanunvericilik layihələri Dövlət Dumasının işçi qrupu tərəfindən hazırlanıb və yaxın vaxtlarda elan ediləcək.
Dumanın Mədəniyyət Komitəsi sədrinin birinci müavini Aleksandr Şoloxov deyib ki, ən vacibi həmin şəxsləri qanunvericilik əsasında Rusiyada pul qazanmaq hüququndan məhrum etməkdir.
Şoloxovun sözlərinə görə, ümumilikdə 30-a yaxın belə qadağa hazırlanıb: “Dövlət Dumasının sədri Vyaçeslav Volodin onların hazırlanması barədə göstəriş verib. Prosesə Dövlət Dumasının sədr müavini İrina Yarovaya nəzarət edir. Əsas məsələ onların Rusiyada qanunvericilik əsasında pul qazanmaq hüququndan məhrum edilməsidir”.
Hazırda Rusiya Silahlı Qüvvələrinin nüfuzdan salınmasına görə həm inzibati, həm də cinayət məsuliyyəti mövcuddur. Lakin indiyədək belə insanlar mükafatlardan məhrum edilməyib və gəlirlərinə məhdudiyyət qoyulmayıb.
Azpost.info