“Müharibənin qalan hissəsinin necə nəticələnəcəyini bilmirik” –ABŞ dövlət katibi

Müstəqil Ukraynanın ömrü Rusiya prezidenti Vladimir Putinin “səhnədəki” mövcudluğunun müddətindən daha uzun olacaq.

Azpost.info xəbər verir ki, CNN bu barədə ABŞ dövlət katibi Entoni Blinkenə istinadən məlumat yayıb. “Biz bu müharibənin qalan hissəsinin necə nəticələnəcəyini bilmirik. Lakin onu bilirik ki, suveren, müstəqil Ukrayna Vladimir Putinin “səhnədə” mövcudluğundan daha uzun müddət davam edəcək. Yekun uğuru görənə qədər Ukraynaya dəstəyimizi davam etdirəcəyik”, – Blinken Polşa-Ukrayna sərhədi yaxınlığında keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Ukrayna prezidenti Vladimir Zelenski ilə görüş 3 saata yaxın davam edib və məhsuldar keçib. O, Pentaqonun rəhbəri Lloyd Ostinlə Kiyevə qatarla getdiyini təsdiqləyib: “Ona görə də qatarın pəncərəsindən başqa çox az şey gördük. Kiyevin özündə biz birbaşa prezident sarayına getdik. Əlbəttə ki, Kiyevin küçələrində insanları gördük. Bu, Kiyev uğrunda döyüşün qələbə ilə nəticələndiyini sübut edir”.

Blinken həmçinin əlavə edib ki, Kiyevdə normal həyat əlamətləri qismən müşahidə olunur. Lakin paytaxtdakı vəziyyət Ukraynanın digər bölgələrində, xüsusən də cənub və şərqdə baş verənlərlə kəskin ziddiyyət təşkil edir.

Azpost.info

Əvvəlki məqalə

Rusiya “Azovstal”dan qoşunlarını geri çəkir 

Sonrakı məqalə

Zelenski Krım üzrə daimi nümayəndə təyin etdi – FOTO