Müzəffər ordunu quran lider

Dövlətin müstəqilliyini şərtləndirən və bu müstəqilliyin qorunmasını, əbədiliyini şərtləndirən əsas amillərdən biri Ordudur.  Məhz xalqdan güc alan Ordu müstəqilliyin qarantıdır. Tarixən böyük sərkərdələr, böyük dövlət xadimi olmaqla böyük sərkərdə kimi məşhurlaşmış simalar yetişdirmiş Azərbaycan xalqı bu mürəkkəb coğrafiyada var olmaq üçün Ordu quruculuğuna hər zaman xüsusi diqqət yetirib. Təsadüfi deyil ki, XX əsrin əvvəlində müstəqil dövlət quruculuğu prosesi ilə ordu quruculuğu prosesi də paralel gedib. Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-də elan edildikdən sonra, həmin ilin iyun ayının 26-da Müsəlman Korpusunun adının dəyişdirilib və Əlahiddə Azərbaycan Korpusu adlandırılıb. Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Sərəncamına əsasən 26 iyun Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edilib. Xalq Cümhuriyyəti dövründə Əlahiddə Azərbaycan Korpusu, yəni ilk nizami ordu yaradıldıqdan sonra orduya çağırışlar başlayıb. Təəssüf ki, 1920-ci ilin aprel ayının 28-də Xalq Cümhuriyyətinin süqutu bütün bu sahədəki prosesləri dayandırıb.

Heydər Əliyev uzaqgörənliyi

Azərbaycan ordusunun yenidən formalaşması, hərbi qulluqçuların hazırlanması prosesi bir daha 1969-cu ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra mümkün olub. Ulu Öndər ordu quruculuğuna yüksək diqqət ayırması nəticəsində 1971-ci ildə Cəmşid Naxçıvanskinin adına hərbi lisey yaradılıb. Hərbi liseyin yaradılması və qorunub saxlanması Ümummilli Liderin yalnız gərgin əməyi, uzaqgörən siyasəti nəticəsində mümkün olub. Həmin müddət ərzində dəfələrlə SSRİ rəhbərliyinin bu hərbi məktəbin bağlanmasına, bu məqsədlə yoxlayıcı komissiyalar göndərməsinə baxmayaraq, məktəbin fəaliyyəti təmin edilmişdir. Əlavə olaraq da hərbi qulluqçularımız Bakı Ali Birləşmiş Komandanlıq və Ali Hərbi Dənizçilik məktəblərində təhsil almış, eləcə də hərbi təhsil almaq məqsədilə SSRİ-nin digər hərbi məktəblərinə göndərilib.

SSRİ dağıldıqdan və ölkəmiz müstəqillik əldə etdikdən sonra bütün sahələrdə yaranmış özbaşınalıq ordu quruculuğundan da yan keçməyib. Ordunun vahid mərkəzdən idarə edilməməsi, habelə nizami ordunun qurulmaması ölkəmizə ağır fəsadlar hesabına başa gəlib.

Ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də xalqın tələbi ilə hakimiyyətə yenidən qayıtdıqdan sonra bütün sahələr kimi, ordu quruculuğunun da əsası qoyulub. Bu sahədə həyata keçirilən uğurlu və məqsədyönlü siyasətin nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatı yenidən formalaşdı, şəxsi heyətin döyüş ruhunun yüksəldilməsinə və mənəvi-psixoloji hazırlığının artırılmasına böyük diqqət yetirilib.

Habelə, yüksək ixtisaslı hərbi qulluqçuların hazırlanması məqsədilə 1999-cu ildə Silahlı Qüvvələrinin Hərbi Akademiyası yaradılıb, 2001-ci il Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi formalaşıb. Məhz bu dövrdə ordumuzun müasir yeniliklərə uyğun qurulması nəticəsində NATO ilə əməkdaşlığa başlanıb və bu əməkdaşlıq nəticəsində minlərlə hərbi qulluqçumuz xarici ölkələrdə həyata keçirilən proqramlarda iştirak edərək, geniş təcrübə və hərbi biliyə yiyələniblər.

Müzəffər Ali Baş Komandanın ordu quruculuğu

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş, rəşadətli Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sahəyə ayırdığı yüksək diqqət və qayğı nəticəsində daha da təkmilləşdirilib, müasir silahlarla təchiz edilib. Məhz dövlətimizin başçısının bu sahəyə ayırdığı diqqətin nəticəsində ordumuzun silah arsenalı müasir silahlarla təchiz edilib, habelə yüksək ixtisaslı kadrlar hazırlanaraq, şəxsi heyətin döyüş, mənəvi-psixoloji hazırlığı ən yüksək səviyyəyə qalxıb.

Dünyanın ən güclü ordularından birinə çevrilmiş şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə üzərinə qoyulmuş tarixi missiyanın öhdəsindən layiqincə gələrək bizə tarixi Qələbə bəxş edib. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində düşmənə ardıcıl və sarsıdıcı zərbələr vuran rəşadətli ordumuz tarixi Qələbə çalaraq əzəli və əbədi Vətən torpaqlarını düşmən işğalından birdəfəlik azad etməyə müyəssər olub. Qazanılmış tarixi Qələbə Ermənistanı, dünyadakı erməni diasporunu, erməni kilsəsini və onların havadarlarını reallığı qəbul etməyə məcbur edbi və düşmənin işğalına birdəfəlik son qoyulub. Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi şanlı Ordumuz misli görünməmiş bir tarix yazaraq, düşməni döyüş meydanında darmadağın edib. Düşmən ordusu pərən-pərən düşdükdən sonra on minlərlə hərbçisi fərarilik edərək Ermənistan ordusundan qaçıb. Məhz bu müharibə dövlətimizin başçısının ordu quruculuğuna ayırdığı diqqətin, eyni zamanda, müdafiə sənayesi məsələsini hər zaman dövlətin əsas xətlərindən biri kimi müəyyən edərək önəm verməsinin, eləcə də uzaqgörən xarici diplomatiyanın bəhrəsi idi.

Qəhrəman Ordumuzun göstərdiyi şücaət, döyüş meydanında həyata keçirdiyi uğurlu taktiki əməliyyatlar və şəhidlərimizin qanı-canı bahasına biz tarixi Qələbənin şahidi olduq. Qazanılmış bu Qələbə şanlı tariximizin ən böyük hadisələrindən biri olmaqla yanaşı, hər zaman xalqımızın yaddaşında qalacaq. Vətən müharibəsində ordumuzdan bir nəfərin belə olsun fərari olmaması, yaralı əsgər və zabitlərimizin öz müalicələrini yarımçıq saxlayaraq yenidən döyüş meydanına qayıtmaq həvəsləri, üzərlərinə düşən tarixi missiyanı uğurla başa vurmaları Vətənə olan sevginin ən yüksək səviyyədə təcəssümüdür. Xalqımızın istər ön cəbhədə, istərsə də arxa cəbhədə həyata keçirdiyi qəhrəmanlıqlar, vəhdətimiz, birliyimiz, nəticəsində bu Qələbə mümkün oldu.

Qardaş Türkiyə modeli

Ali Baş Komandan İlham Əliyev bundan sonrakı mərhələdə Ordumuzun qüdrətinin daha da artırılması üçün əsas istiqaməti də müəyyənləşdirib. Ali Baş Komandan bildirib ki, Türkiyə Ordusunun daha kiçik modelini qururuq və inşallah bərabər quracağıq, bizim də qarşımızda bölgədə heç kim dura bilməz. Tarixi Şuşa Bəyannaməsi də iki qardaş ölkənin ordu quruculuğu və qarşılıqlı hərbi yardım sahəsində vəzifələrini müəyyənləşdirib.

Martın 7-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirədə də  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə uyğun olaraq Türkiyə Respublikası Silahlı Qüvvələri modelinin Azərbaycan Ordusunda, o cümlədən hərbi təhsil sahəsində tətbiqinin sürətləndirilməsini tapşırıb. Bu istiqamətdə işlər isə davam etməkdədir. Bu gün qardaş Türkiyənin Azərbaycan Ordusunun komando birliklərinin hazırlanması, eyni zamanda Türkiyədə istehsal edilən ən müasir silah və texnologiyalarla Ordumuzun təchizatı istiqamətində dəstəyini əsirgəməsi də sirr deyil. .

İki qardaş və müttəfiq ölkənin birgə səyi ilə Azərbaycan Ordusunun bundan sonra hər zaman  bölgənin ən güclü, dünyanın isə ən güclü ordularından biri olacağına heç kəsin şübhəsi ola bilməz.

Fuad Hüseynzadə

Qeyd: Yazı “Rəvan” Gəncliyəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyəstəyi iləyata keçirdiyi “Öncəndir” layihəsi çərçivəsində hazırlanıb.

 

Əvvəlki məqalə

“Türkiyə Belarusda keçirilən Rusiya-Ukrayna danışıqlarını dəstəkləyir”-

Sonrakı məqalə

Rusiya Avropa Şurasından çıxarıldı –