“Övladım haqq etdiyi ordenlə təltif olunsun” –

Şəhid Emil Əmirovun anasından Prezidentə müraciət
29 Noyabr 2021 - 11:28

Mingəçevirdə yaşayan Şəhid anası və Şəhid bacısı Xanımnaz İmanova ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev, Birinci xanım, Birinci vitse-prezident Mehriban Əliyeva, Milli Məclisin sədri Sahibə Qafarova, Müfadiə naziri Zakir Həsənov və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Kərim Vəliyevə müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

“Çox hörmətli və çox dəyərli İlham Heydər oğlu Əliyev!

Mən-Xanımnaz Ocaqverdi qızı İmanova Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Emil Əmirovun anasıyam. Gözümün ağı-qarası tək oğlum, tək övladım Emil Əmirov İkinci Vətən Müharibəsi zamanı Ağdərə-Suqovuşan istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb. Suqovuşan fatehlərindən biri olub. Mən həm də Şəhid bacısıyam. Tək qardaşım Müzəffər İmanov isə Birinci Qarabağ Savaşı zamanı, 1992-ci ildə elə Ağdərə istiqamətində qanlı döyüşlərdən birində Şəhidlik məqamına yüksəlib. Mən həm Şəhid anası, həm də Şəhid bacısıyam.

Tək qardaşımı və təkbaşına böyütdüyüm tək oğlumu, övladımı Vətən, Qarabağ yolunda Şəhid vermişəm. Tək qardaşını və tək övladını Şəhid verməyin nə demək olduğunu da geniş anlatmağa ehtiyac qalmır. 28 il qardaş acısı yaşadıqdan sonra-2020-ci ilin oktyabrından da övlad acısı yaşayıram. Əgər buna yaşamaq demək mümkündürsə! Hansı əzablar, acılar yaşadığımı bir özüm, bir Allahım bilir. Allah heç bir ananın, heç bir bacının başına belə bir müsibət gətirməsin. Mən yandım, qoca anam yandı, artıq kimsə yanmasın, kimsə övlad acısı yaşamasın.

Mən həm də övladımla və qardaşımla Fəxr edir, Qürur duyuram. Fəxr edir, Qürur duyuram ki, Müzəffər kimi İgidin bacısı, Emil kimi Qəhrəman, Vətən sevdalısı bir Oğulun anasıyam. Bizlərə Qələbə və Zəfəri məhz Müzəffər, Emil kimi İgid, Qəhrəman oğlullar yaşatdı. Müzəffər və Emil də daxil olmaqla, bütün Şəhidlərimizin, həyatdan nakam köçmüş Şəhid balalarımızın ruhları qarşısında baş əyirəm. Baş tacımız, and yerimizdirlər!”

Müraciətdə sonra deyilir:

“Cənab Prezident, cənab Ali Baş Komandan!

Müraciət etməklə, övladımla bağlı arzumu, xahişimi Sizin diqqətinizə çatdırmaq istəyirəm. Qeyd etdiyim kimi, həm Şəhid bacısı, həm də Şəhid anasıyam. Övladımı da uşaqlıqdan təkbaşına, minbir əzab-əziyyətlərlə böyütmüşəm. Uzun illər Azərbaycandan kənarda yaşamışıq. Ancaq sonradan Azərbaycana dönmüşük. Övladım, tək balam uzun illər yad ölkədə yaşasa da, amma heç zaman Vətənə, Bayrağa olan sevgisi və düşmənə nifrəti azalmayıb.

Əksinə, dayısının Şəhidliyi Emili hər zaman düşmənə nifrət ruhunda böyüdüb, övladım daim düşmən tapdağında olan torpaqlarımızı azad etmək, qisas hissi ilə alışıb-yanıb. Övladım hərbi xidməti 2020-ci ilin aprel ayında bitirsə də, Vətənə, Torpağa, Qarabağa olan sevgisinə görə, cəmi 4 aydan sonra, 2020-ci ilin avqust ayında yenidən Orduya gedib, MAHHXHQ kimi N saylı hərbi hissədə baş kəşfiyyatçı kimi işləməyə başlayıb. İkinci Vətən Müharibəsinin ilk saniyəsindən də döyüşlərdə, ağır nöqtələrdə olub. İgidliyi və cəsurluğu ilə fərqlənib.

Döyüşlərdən birində yaralanaraq, xəstəxanaya göndərilib. Amma bizə-qoca nənəsinə və mənə yaralı olmasını bildirməyib və yenidən döyüşə yollanıb. Döyüşə girməyə icazə verməsələr belə, inadından dönməyib, yenidən döyüşlərə atılıb. Və qanlı döyüşlərdən birində, okyabrın 15-ində qəhrəmancasına Şəhid olub. Övladım bu dünyaya Vətən sevdalısı kimi gəldiyi kimi, bu dünyadan da Vətən sevdalısı, Qəhrəman, İgid və Şəhid kimi köçüb.

Odur ki, Sizdən xahiş və rica edirəm- övladım, tək oğlum Azərbaycanın ali ordenlərindən biri-“Qarabağ”, “Zəfər”, ya da “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunsun. Bu, elə bilirəm ki, övladımın, tək balamın halal haqqıdır. Əgər belə olarsa, xahişim nəzərə alınarsa həm övladımın ruhu sevindirilmiş, həm də Şəhid bacısı və Şəhid anası, tək-tənha ana kimi mənə mənəvi təsəlli olar.

Ona görə inanıram və əminəm ki, müraciət həssaslıqla qarşılanacaq, tərəfinizdən nəzərə alınacaq və öz müsbət həllini tapacaq. Övladım, tək balam ali ordenlərimizdəm biri ilə təltif edilərək, Haqqını alacaq.

Öncədən də Sizə minnətdarlığımı bildirmək istəyirəm. Allah Sizi, ailənizi, Azərbaycanımızı qorusun!”