Prezident:“Heydər Əliyev Azərbaycan gənclərinin Sovet İttifaqının aparıcı ali məktəblərində oxuması üçün böyük səylər göstərib”

“Heydər Əliyev həm sovet dövründə, həm müstəqillik ərəfəsində, həm də müstəqillik dövründə xalq, dövlət qarşısında misilsiz xidmətlər göstərib”.

APA-nın məlumatına görə, bunu bu gün Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş yubiley tədbirində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, məhz Heydər Əliyevin rəhbərliyi ilə sovet dövründə Azərbaycan müttəfiq respublikalar arasında ən geridə qalmış yerdən ən qabaqcıl yerlərə qədər yüksəlib: “Gənclər təbii ki, bunu bilmir. Respublikaları fərqləndirən bir neçə əlamət vardı. Onların arasında keçici qırmızı bayraq almaq məsələsi də var idi. O respublikalar qırmızı bayraqla təltif olunurdu ki, həmin respublikalarda həm kənd təsərrüfatı, həm sənaye, həm də digər sahələrdə böyük uğurlar qazanılmışdı. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə Azərbaycan hər il qırmızı bayraq alırdı. Bu, bir daha sübut edir ki, Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan uğurlu yol keçib. Heydər Əliyev rəhbərlik etməyə başlayanda biz sovet respublikaları arasında ən sonuncu yerlərdə idik. Heydər Əliyev Azərbaycanı böyük inkişafa doğru apararkən Azərbaycanı ən qabaqcıl yerlərə qədər yüksəltdi. Əgər sovet dövründə yalnız iki respublika donor kimi fəaliyyət göstərirdisə, bunlardan biri Azərbaycan idi”.

Prezident İlham Əliyev qeyd edib ki, Heydər Əliyev təhsil sahəsinə böyük diqqət göstərib, hər il müşavirələr keçirib: “Eyni zamanda Azərbaycan gənclərinin Sovet İttifaqının aparıcı ali məktəblərində oxuması üçün böyük səylər göstərib. Bu, unikal xarakter daşıyırdı. Çünki sovet məkanında buna oxşar təcrübə yox idi. Hər il 800-ə yaxın Azərbaycan gənci Bakıda imtahan verməklə Sovet İttifaqının aparıcı ali məktəblərinə, Moskva, Leninqrad və digər şəhərlərinə ezam edilirdi. Beləliklə, Azərbaycanın gələcəyi üçün güclü kadr potensialı yaradılırdı. Məhz bu kadr potensialı bu gün ölkəmizin müstəqil dövlətinin uğurlu inkişafını təmin edir. O cümlədən o illərdə yüksək təhsil almış kadrlar bu gün Azərbaycanı ləyaqətlə təmsil edir”.

Dövlət başçısı nəzərə çatdırıb ki, Heydər Əliyevin qərarı ilə 1970-ci illərin əvvəlində Cəmşid Naxçıvanski adına hərbi məktəb yaradılıb: “Bu da Ulu Öndərin uzaqgörənliyinin nəticəsi idi. O vaxt azərbaycanlılar sovet ordusunda az təmsil olunurdular. Heydər Əliyev istəyirdi ki, Azərbaycan hərbçiləri yetişsin. Heydər Əliyev sanki bilirdi ki, Azərbaycan nə vaxtsa müstəqil dövlət olacaq, bu kadrlar bizə lazım olacaq. 1970-ci illərdə Heydər Əliyevin gördüyü işlər xalq tərəfindən böyük rəğbətlə qarşılanmasaydı, 1990-cı illərin əvvəllərində – o vaxt Azərbaycan xalqı böyük fəlakətlə üz-üzə qalmışdı – Azərbaycan xalqı ona müraciət etməzdi. Heydər Əliyevin o illər ərzində gördüyü işlər Azərbaycan xalqının qəlbində onun əziz xatirəsini saxlayırdı. Azərbaycanın ən ağır günlərində xalq müdriklik göstərərək, Heydər Əliyevə müraciət etdi, Heydər Əliyev də öz xilaskar missiyasını yerinə yetirdi. Müstəqilliyə qədər və müstəqillik dövründə də Heydər Əliyev daim xalqın yanında idi, xalqa xidmət etmək onun başlıca missiyası idi”.

Prezident İlham Əliyev bildirib ki, 20 Yanvar faciəsi zamanı da Heydər Əliyev səsini ucaldıb, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirib, Kommunist Partiyasının rəhbərliyini ittiham edib: “Heydər Əliyev bu qanlı faciəni pisləyib və bütün dünyaya həqiqəti çatdırıb. Heydər Əliyevin böyük nüfuzu var idi və onun dilindən səslənən bu sözlər, həqiqətlər dünyanın bütün yerlərində əks-səda verib. Halbuki o vaxt Sovet İttifaqının dağılmasına hələ 2 il var idi və heç kimin ağlına gələ bilməzdi ki, Sovet İttifaqı dağılacaq. O cəsarətli addım Heydər Əliyevin xalqa nə qədər bağlı olduğunu göstərdi. Ondan sonra uzun illər xidmət etdiyi Kommunisti Partiyasının sıralarını tərk etdi. Bu da böyük təhlükə idi. 20 Yanvar faciəsindən sonra Azərbaycan rəhbərliyində təmsil olunalar ağızlarına su alıb susmuşdular. Biri də bu qanlı faciəni qınamadı, öz səsini ucaltmadı. Bu, bir daha göstərdi ki, o vaxtı rəhbərlik antimilli idi. O hakimiyyəti əvəzləyən, qanunsuz yollarla hakimiyyəti zəbt edən AXC-Müsavat cütlüyü bir ildən çox hakimiyyətdə idi, ancaq 20 Yanvar faciəsinə siyasi və hüquqi qiymət vermədi. Hakimiyyət onların əlində idi. Nə üçün xalqımızın bu faciəsinə, yarasına biganə qaldılar? Bu, həqiqətdir. 20 Yanvar faciəsinə, Azərbaycan xalqına qarşı törədilmiş cinayətə məhz hakimiyyətə qayıdandan sonra Heydər Əliyev siyasi, hüquqi qiymət verib. Bu, bir daha Ulu Öndərin xalqa bağlı olduğunu göstərir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Evdar qadınlara müavinət verilə bilərmi?

Sonrakı məqalə

Prezident BDU-nun 100 illiyində: