Prezident İlham Əliyev Adilə Namazovanın vəfatı ilə əlaqədar nekroloq imzalayıb.
Nekroloqda deyilir:
“Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Görkəmli pediatr və kardioloq, Əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının müdiri, professor Ədilə Əvəz qızı Namazova 2020-ci il dekabrın 16-da ömrünün 95-ci ilində vəfat etmişdir.
Ədilə Namazova 1926-cı il sentyabrın 9-da Ağdam rayonunun Seyidli kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1944–1949-cu illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsində ali təhsil almışdır.
Əmək fəaliyyətinə 1949-cu ildə başlayan Ədilə Namazova həmin vaxtdan etibarən 1953-cü ilədək Ağdam rayonunda Uşaq tibb məsləhətxanasının müdiri işləmişdir. O, 1954–1957-ci illərdə Moskva şəhərində, SSRİ Səhiyyə Nazirliyinin Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunun aspiranturasında oxumuş, aspiranturanı bitirdikdən sonra, 1958–1959-cu illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda Müalicə profilaktika fakültəsinin uşaq xəstəlikləri kafedrasının assistenti, 1960–1965-ci illərdə SSRİ Tibb Elmləri Akademiyasının Pediatriya Elmi Tədqiqat İnstitutunun doktorantı olmuşdur. 1965-ci ildən taleyini Azərbaycan Dövlət Tibb İnstitutu ilə bağlayan Ədilə Namazova burada ömrünün sonunadək uşaq xəstəlikləri kafedrasının müdiri vəzifəsində çalışmışdır.
Ədilə Namazova tibb elmləri üzrə 1959-cu ildə namizədlik, 1965-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1966-cı ildə professor elmi adına layiq görülmüşdür. O, 1971-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
Azərbaycanda tibb elminin tədrisi və yeni nailiyyətlərlə zənginləşdirilməsində akademik Ədilə Namazovanın xüsusi əməyi vardır. Uzun illər ərzində tibb elminin müxtəlif sahələrinə dair apardığı araşdırmaları alimə ölkəmizdə və onun hüdudlarından kənarda geniş şöhrət qazandırmışdır. Ədilə Namazova respublikada pediatriya elmi məktəbinin yaradıcılarındandır. Alimin uşaq sağlamlığının qorunmasına yönəlmiş məhsuldar elmi fəaliyyətinin başlıca istiqamətləri uşaqlarda revmatizm və ürək qüsurlarının diaqnostikası və müalicə metodlarının təkmilləşdirilməsi ilə bağlıdır. Məhz bu elmi işlər sayəsində ürək çəpərinin anadangəlmə qüsurlarının klinik xüsusiyyətləri öyrənilmiş, süni qan dövranı şəraitində cərrahi müalicənin mümkünlüyü kriteriyaları müəyyən edilmişdir. Həmin tədqiqatlar, eyni zamanda, sonrakı fundamental araşdırmalar və yeni müalicə üsullarının tətbiqi üçün geniş imkanlar açmışdır. Alim, həmçinin müxtəlif metodlardan istifadə əsasında təcrübi tövsiyələri ilə tibb elminə töhfələr vermişdir. Respublikada tibbi xidmətin müasir tələblərə cavab verən formalarının təşkilində Ədilə Namazovanın təqdirəlayiq xidmətləri olmuşdur.
Ədilə Namazova 400-dən artıq elmi əsərin, o cümlədən 30 monoqrafiyanın, dərsliyin və metodik vəsaitin, ixtiralar və səmərələşdirici təkliflərin müəllifidir. Alimin xarici dillərdə işıq üzü görən əsərləri elmi ictimaiyyət arasında rəğbətlə qarşılanmışdır.
Ədilə Namazova çoxillik pedaqoji fəaliyyəti dövründə zəngin bilik və bacarıq nümayiş etdirərək yüksək hazırlıqlı mütəxəssislərin yetişdirilməsi işinə xüsusi diqqət göstərmişdir. Onun rəhbərliyi ilə respublikamız və xarici ölkələr üçün 60-a yaxın tibb elmləri doktorları və tibb üzrə fəlsəfə doktorları hazırlanmışdır. Alim mötəbər beynəlxalq forumlarda pediatriyanın aktual problemlərinə dair məzmunlu çıxışları ilə Azərbaycanın müasir tibb elmini layiqincə təmsil etmişdir.
Səmərəli ictimai fəaliyyət göstərən Ədilə Namazova 1988–1992-ci illərdə SSRİ xalq deputatı olmuş, habelə bir sıra beynəlxalq elmi cəmiyyətlərin üzvü seçilmişdir.
Ölkəmizdə təbabətin inkişafı və yüksək ixtisaslı həkim kadrların yetişdirilməsi sahəsində akademik Ədilə Namazovanın xidmətləri dövlət tərəfindən lazımınca qiymətləndirilmişdir. O, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilmiş, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülmüşdür.
Görkəmli alim, mahir pedaqoq və səmimi insan Ədilə Əvəz qızı Namazovanın xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev
Mehriban Əliyeva
Əli Əsədov
Sahibə Qafarova
Samir Nuriyev
Əli Əhmədov
Eldar Əzizov
Fərəh Əliyeva
Oqtay Şirəliyev
Ramiz Mehdiyev
Əhliman Əmiraslanov
Cəmil Əliyev
Sudeif İmamverdiyev
Nuru Bayramov
Gəray Gəraybəyli”.