Prezidentin imzaladığı konseptual sənədlərin layihələrini kim gecikdirir?

Azərbaycanda idarəetmə sahəsində çox pis bir ənənə formalaşmaqdadır.
Prezident aktual, strateji əhəmiyyət kəsb edən vacib məsələ ilə bağlı ciddi bir fərman imzalayır. Aidiyyatı qurumlara konkret müddət göstərməklə tapşırıqlar verilir.
Vəssalam, bundan sonra sanki quyuya daş atılır. Tapşırıqlar nəinki həmin müddət, hətta uzun müddət, uzun illər icra olunmur.
Ötən ilin bu günü Prezident “Rəqəmsal Azərbaycan” konsepsiyasının hazırlanması ilə bağlı fərman verib.
Bu fərmana görə Nazirlər Kabineti 4 ay ərzində Konsepsiyanı hazırlayıb Prezidentə təqdim etməliydi.
Bu gün fərman verilən bir il tamam oldu. Hələ də Konsepsiyadan xəbər yoxdur.
RİNN rəsmiləri çıxışlarında Konsepsiyanın çoxdan hazırlandığını və aidiyyatı qurumların razılaşdırmasına verildiyini bildiriblər.
Onda belə çıxır ki, bu cür strateji bir sənəd hansısa bir mərkəzi orqanda ilişib qalıb, güman ki, heç gedib NK-ya da çatmayıb.
Daha bir nümunə.
Ötən ilin bu ayı Prezident daha bir vacib məsələ ilə bağlı, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyasının hazırlanması ilə əlaqədar tapşırıq verib. Bir il tamam olub.
Maraqlıdrı ki, ölkədə “Ağıllı şəhər” və “Ağıllı kənd” quruculuğu istiqamətində ciddi işlər də aparılır. Bu gün-sabah güman ki Prezident Qarabağda layihələndirilən “Ağıllı şəhər”in açılışını da edəcək. Amma qəribədir ki, konsepsiya ortada yoxdur
Bu sənədin layihəsinin də çoxdan hazırlanaraq razılaşdırmalara verildiyi bildirilirdi.
Güman etmək olar ki, yenə haralardasa, hansısa mərkəzi icra qurumunda, kiminsə stolunun üstündə razılaşma gözləyir
Bu qeyd etdiklərim hələ şükürlüdür, onların tapşırığı Prezident tərəfindən ötən il verilib.
Amma elə sənədlər var ki, onların hazırlanması tapşırığı illər öncə verilib.
İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik konsepsiyasının hazırlanması üçün 4 il öncə, İnnovasiyaların inkişafı konsepsiyasının hazırlanması üçün 3 il öncə Prezident fərmanı ilə tapşırıqlar verilib.
Cavabdeh qurumlar tərəfindən bu sənədlərin layihələrinin də hazırlanıb başa çatdırıldığı bildirilsə də hələ də bu sənədlər ortada yoxdur.
Güman ki bunlar da hansıa mərkəzi orqanlarlda razılaşmalardadır.
Təsəvvür edin ki, bu sənədlərin adında “innovasiya”, “rəqəmsallaşma”, “texnologiya” sözləri var. Hansı ki bu sahələr nəinki illər ərzində, hətta hər gün dəyişir . Belə olduğu təqdirdə bu tip sənədlərin bu qədər ləngidilməsi, düşünürəm ki, yolverilməzdir.
Bununla bağlı məsuliyyət gücləndirilməlidir.
Düşünürəm ki, Prezident Administarsiyasında icraya nəzarət şöbəsi yeni yanaşmalar tətbiq etməlidir.
İcraya nəzarətlə bağlı yaradılan elektron sistemə ictimai nəzarət imkanları yaradılmalıdır.
İcraya nəzarət sərtləşdirilməlidir.
Məsələn, hansısa layihənin razılaşmaları üçün də konkret bir vaxt müəyyən etmək lazımdır.
Eyni zamanda yaxşı olar ki hansısa bir sənədin layihəsinin hazırlanması prosesi, onun gedişi də şəffaf olsun, cəmiyyət görsün ki sənəd hansı dövlət qurumunda və nə üçün “ilişib qalıb”.
Osman Gündüz 
Azərbaycan İnternet Forumunun prezidenti
Əvvəlki məqalə

“Yaxın günlərdə Putinlə Zelenski İstanbulda görüşə bilər” –

Sonrakı məqalə

Bakıda 8 yaşlı məktəbli intihar edib