Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qərb siyasətçilərinə etibar etdiyi qədər Rusiya prezidenti Vladimir Putinə də güvəndiyini bildirib.
Azpost.info bildirir ki, Ərdoğan bu barədə ABŞ-ın PBS telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ankara Putin və bütövlükdə Rusiya rəhbərliyi ilə birlikdə bir çox mühüm layihələr həyata keçirir və bunu davam etdirmək niyyətindədir.
“Məndə Putinə güvənməmək üçün heç bir əsaslı səbəb yoxdur. Qərb nə qədər etibarlıdırsa, Rusiya da o qədər etibarlıdır. Bizi 50 ildir ki, Avropa Birliyi bizi öz qapısında gözlədir. İndi mən Rusiyaya Qərbdən az güvənmirəm”, – deyə Ərdoğan müsahibəsində bildirib.
Türkiyə prezidenti vurğulayıb ki, o, “Rusiya rəhbərliyinə etibar etmək olmaz” iddiaları ilə qətiyyən razı deyil: “Təbii qazımızın yarısı Rusiyadan gəlir, bu da o deməkdir ki, biz həmrəyik. Rusiya ilə də bir sıra birgə layihələr həyata keçiririk. Məsələn, biz müdafiə və təhlükəsizlik sahəsində, eləcə də sənaye sahəsində əməkdaşlıq edirik”, – deyə Rəcəb Tayyib Ərdoğan əlavə edib.
Türkiyə prezidenti xəbərdarlıq edib ki, Ukraynadakı hərbi münaqişə çox uzun çəkəcək. Lakin Rusiya prezidenti Putin ona mümkün qədər tez son qoymaq istəyir: “Putin də mənim kimi Ukraynadakı müharibənin tezliklə dayandırılmasının tərəfdarıdır. Mən bunu yalnız onun sözləri ilə deyirəm, Putin istəyir ki, bu müharibə tez bitsin. Onun dediyi budur və mən onun sözlərinə inanıram”, – deyə Ərdoğan vurğulayıb.
Sentyabrın 4-də Türkiyə prezidenti Soçidə Vladimir Putinlə görüşüb. Onların danışıqları üç saat davam edib və digər məsələlərlə yanaşı, Ukraynadakı hərbi münaqişəyə də həsr olunub.
Azpost.info