“Ukraynada müharibə başlayandan bəri Rusiya prezidenti Vladimir Putin əsas məqsədlərindən heç birinə nail ola bilməyib və ordusu qrafikdən iki həftə geri qalıb”.
Azpost.info xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirilən qapalı brifinqdə Pentaqonun yüksək rütbəli rəsmisi bildirib.
“Putin itkilər verməkdə davam edir. O, bəzi imkanlarının azaldığını görür. Söhbət, əsasən artilleriya döyüşündən gedir. Putin əsas məqsədlərindən heç birinə nail olmayıb. Mariupol alınmayıb, “Azovstal”ın müqaviməti davam edir”, – Pentaqon rəsmisi bildirib.
O qeyd edib ki, hesablamalara görə, Putin Donbasda və cənubda planlaşdırdıqları mövqedən iki həftə geri qalıb və vəziyyətin necə inkişaf edəcəyi bəlli deyil.
Pentaqon rəsmisi əlavə edib ki, Putinin uzunmüddətli planları qeyri-müəyyən olaraq qalır: “Putinin planarı bizə aydın deyil. Biz bilmirik ki, o, sadəcə Donbasa nəzarət edib qələbəsini elan etmək, yoxsa bu nəzarətdən növbəti hücumlar üçün istifadə etmək istəyir”. Azpost.info