Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin (“Rosaviasiya”) rəhbəri Aleksandr Neradko yaxın vaxtlarda vəzifəsindən uzaqlaşdırılacaq.
Azpost.info xəbər verir ki, onun istefası ilə bağlı qərar hökumət səviyyəsində qəbul edilib və sentyabrın 15-də elan oluna bilər.
Bu barədə “İzvestiya” Nəqliyyat Nazirliyində yüksək vəzifəli şəxsə və aviaşirkətlərdən birindəki mənbəyə istinadən yazıb.
Mənbələr Neradkonun istefasının səbəblərini açıqlamayıblar. Onun yerinə iki nəfərin namizədliyi nəzərdən keçirilir: müavini Vladimir Poteşkin və Dövlətlərarası Aviasiya Komitəsinin sədri və Federal Hava Nəqliyyatı Agentliyinin keçmiş rəhbərinin müavini Oleq Storçevoy.
“Eyni zamanda, siyahıda başqa namizədlər də ola bilər”, – mənbələrdən biri qeyd edib.
Neradko 2009-cu ildən Federal Hava Nəqliyyatı Agentliyinə rəhbərlik edir. Bundan əvvəl, 1993-cü ildən federal mülki aviasiya orqanlarında işləyib. 2000-ci ildə Rusiya nəqliyyat nazirinin birinci müavini, 2004-cü ildə “Rostransnadzor”un rəhbəri, 2005-ci ildə Rusiyanın hazırda ləğv edilmiş Federal Hava Naviqasiya Xidmətinin rəhbəri olub.
Neradkonun işi ilə bağlı narazılıqlar var idi: 2022-ci ilin mayında o, xidməti vəzifələrini lazımınca yerinə yetirmədiyinə görə hökumətdən töhmət alıb. Rusiya Baş naziri Mixail Mişustinin töhməti onun nəqliyyat nazirinin və hökumətin tapşırıqlarını sistemli şəkildə yerinə yetirməməsi ilə əlaqədar olub.
Azpost.info