Rusiyanın Baxmut yaxınlığında geriləməsindən və bazar günü iki qırıcı və iki helikopterdən ibarət hava qrupunu itirməsindən sonra prezident Vladimir Putin bu gün Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırıb. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Təhlükəsizlik Şurasının həftənin cümə günləri keçirilən ənənəvi iclası bu dəfə bazar ertəsi keçiriləcək.
Azpost.info xəbər verir ki, iclasda Şuranın daimi üzvləri – yüksək vəzifəli məmurlar, o cümlədən bütün təhlükəsizlik orqanlarının (Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, FTX, Xarici Kəşfiyyat Xidməti) rəhbərləri, parlamentin hər iki palatasının rəhbərləri, eləcə də Xarici işlər naziri Sergey Lavrov, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev və Şuranın katibi Nikolay Patruşev iştirak edəcək.
Təhlükəsizlik Şurası sonuncu dəfə ötən cümə günü, mayın 12-də iclas keçirib və Rusiyanın bəzi beynəlxalq təşkilatlarda iştirakı məsələlərinə baxıb. Bugünkü fövqəladə iclasa Rusiya qüvvələrinin altı aydan artıqdır uğursuz şəkildə hücum etdiyi Baxmut yaxınlığında ordunun artan problemləri ilə bağlı xəbərlərdən sonra qərar verilib. Rus ordusunun Baxmutdan “qaçışını” ötən həftə “Vaqner”in rəhbəri Yevgeni Priqojin elan etmişdi. Onun sözlərinə görə, vəziyyət proqnozlaşdırılan ssenarilərin ən pisi üzrə inkişaf edir. “Cinahlar dağılır, cəbhə dağılır”, – deyən Priqojin əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri Çasov Yar-Baxmut yolunda nəzarəti bərpa edə bilib və bu yolla şəhərə sursat gətiriləcək.
Rusiya Müdafiə Nazirliyi Baxmut yaxınlığında baş verənləri “daha sərfəli müdafiə mövqelərinə çıxışı olan yenidən qruplaşma” adlandırıb və cəbhənin dağılmasına yol verilmədiyini vurğulayıb.
Bazar günü Ukraynanın Çerniqov vilayətini bombalamaq üçün havaya qalxan aviaqrupun təyyarələri Bryansk vilayətində demək olar ki, eyni vaxtda vurulub. İki Mi-8 helikopteri, bir Su-34 qırıcı-bombardmançı və bir Su-35 qırıcısı öz baza aerodromuna qayıtmayıb. “Kommersant” yazır ki, onlar böyük ehtimalla hava pusqusuna düşüb.
Azpost.info