Putin Tacikistan prezidentini Qələbə Günü ilə bağlı Moskvaya dəvət edib

Rusiya prezidenti Vladimir Putin Tacikistan lideri Emoməli Rəhmonu Qələbə Gününə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Moskvaya səfərə dəvət edib.

Azpost.info xəbər verir ki, bu barədə Rəhmonun mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, mayın 5-də Rəhmon Putinlə telefon danışığı aparıb, bu zaman prezidentlər Tacikistan-Rusiya strateji tərəfdaşlıq münasibətlərinin inkişafında müsbət dinamikanı qeyd ediblər və Qələbə Gününün 78-ci ildönümü münasibətilə bir-birlərini təbrik ediblər.

Rəhmonun Putinin dəvətini qəbul edib-etmədiyi, əgər belədirsə, onun Moskvaya dəqiq nə vaxt səfər edəcəyi barədə məlumat verilmir.

“İzvestiya” Tacikistan prezidentinin mətbuat xidmətinə istinadən yazır ki, Rəhmonun Moskvaya səfəri ilə bağlı qərar hələ qəbul edilməyib.

Bundan əvvəl Qırğızıstan prezidenti Sadır Japarovun mayın 9-da Moskvada keçiriləcək paradda iştirak edəcəyi barədə məlumat yayılmışdı. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Böyük Vətən Müharibəsinin ildönümü  yubiley olmadığı üçün parada başqa xarici liderlər dəvət olunmayıb.

Rəhmon 2021-ci il mayın 9-da Moskvada keçirilən paradda iştirak edən yeganə xarici lider olub. 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan sonra paradda heç bir xarici lider olmayıb.

Azpost.info

 

Əvvəlki məqalə

Sui-qəsd cəhdinə məruz qalan rusiyalı yazıçı reanimasiyadadır

Sonrakı məqalə

“Rusiya ilə danışıqların vaxtı hələ yetişməyib”