Rusiya Prezidenti Vladimir Putin danışıqlar üçün nəzərdə tutulmuş tərcüməçinin seçimində şəxslən iştirak etmir, bu məsələ ilə Rusiya Xarici İşlər Nazirliyi məşğul olur.
“RİA Novosti” xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
D.Peskov bununla da 2019-cu ildə Putinin ABŞ-ın o zamankı prezidenti Donald Trampla danışıqlar üçün xüsusi olaraq gözəl bir tərcüməçi seçməsi ilə bağlı iddiaya münasibət bildirib.
“Tərcüməçilər Prezident Administrasiyasının tələbi ilə Xarici İşlər Nazirliyi tərəfindən təmin edilir. Putinin özü bu prosesdə iştirak etmir”, – deyə Putinin sözçüsü müvafiq suala cavab verib.
D.Trampla V.Putinin görüşü zamanı iştirak edən tərcüməçi qız haqqında keçmiş ABŞ prezidentinin mətbuat katibi Stefani Qrişem öz kitabında yazıb. Onun sözlərinə görə, Trampın keçmiş məsləhətçisi Fiona Hill hesab edirmiş ki, Rusiya Prezidenti amerikalı həmkarının fikrini yayındırmaq üçün Yaponiyadakı görüşləri zamanı bilərəkdən “cazibədar əsmər bir qız” seçib.