“Putinin müharibəsi cinayətdir, bu biabırçılığa dözə bilmirəm” –Rusiyanın BMT-dəki diplomatı istefa verdi

Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşı, Rusiyanın BMT-dəki missiyasının müşaviri Boris Bondarev Ukraynada müharibəyə etiraz edərək istefa verib. 

Azpost.info bildirir ki, diplomat bu barədə bəyanat yayıb.

Bondarev bəyanatında Ukraynadakı hərbi əməliyyatı pisləyib və xarici işlər naziri Lavrovu tənqid edib: “Son 20 illik diplomatik karyeram çərçivəsində mən xarici siyasətimizdə müxtəlif döngələr görmüşəm. Amma heç vaxt indiki qədər öz ölkəm üçün utanc hissi keçirməmişəm. Putinin Ukraynaya qarşı apardığı təcavüzkar müharibə təkcə Ukrayna xalqına qarşı cinayət deyil, həm də bütün Rusiya xalqlarına qarşı ağır cinayətdir.

Bu müharibəni fikirləşənlər yalnız bir şeyi istəyirlər-hakimiyyətdə əbədi qalmaq, cah-cəllalı saraylarda yaşamaq, yaxtalarda üzmək… Bunun üçün onlar nə qədər lazımdır insan həyatını qurban verməyə hazırdırlar”.

Bondarev deyib ki, son 20 ildə XİN-də yalan və qeyri-peşəkarlığın səviyyəsi ancaq artıb: “Son illərdə isə bu fəlakətli hal alıb. Qərəzsiz informasiyalar, soyuq analiz və ayıq proqnozlar  əvəzinə 1930-cu illərin sovet qəzetərinin təbliğat ştampları baş alıb gedir. Özü-özünü aldadan sistem yaradılıb.  Nazir Lavrov sistemin deqradasiyasının yaxşı tablosudur. Bu 18 il ərzində o, həmkarlarının hörmət bəslədiyi peşəkar və yaxşı intellektual ziyalıdan bir-birini təkzib edən bəyanatlar verən, dünyanı nüvə silahı ilə hədələyən şəxsə çevrilib.

Bu gün XİN diplomatiya ilə məşğul olmur. Bütün işlər savaşın, yalanın və nifrətin körüklənməsinə yönəldilib. Bu isə çox az sayda olan adamların maraqlarına xidmət edir. Bununla onlar mənim ölkəmi təcridə və deqradasiyaya aparırlar. Rusiyanın artıq müttəfiqləri yoxdur.

“Mən diplomatiyanı oxumuşam və 20 il diplomat olmuşam. Nazirlik mənim evim, ailəm olub.  Amma artıq bu qanlı, mənasız və tamamilə lazımsız biabırçılıqda iştirak etmək istəmirəm”-deyə diplomat bildirib.

 

Əvvəlki məqalə

“Moskva ilə Kiyev anlaşsa belə, Rusiyaya qarşı sanksiyalar davam etməlidir” –

Sonrakı məqalə

“Rusiyanın hava zərbəsi zamanı 87 nəfər həlak olub” –