Son vaxtlar gənclər arasında ürək xəstəliklərindən baş verən ölüm halları artıb. Səhiyyə Nazirliyinin məlumatına görə, qəfil ölümlərin yarıdan çoxu ürək-damar xəstəlikləri ilə əlaqədar baş verir. Erkən yaşda həmin problemlərin yaranması isə cəmiyyət arasında narahatlıq yaradır.
Həkim-terapevt Sübhan Hacıyev deyib: “Qəfil baş verən ölüm halları zamanı 90-95 faiz hallarda ürək və qan-damar sisteminin problemləri olur. Lakin digər faktorların da rolu var. Düzgün qidalanmamaq, nikotin asılılığı, spirtli içkilərdən həddindən çox istifadə edilməsi, piylənmə, əsəb, stress kimi faktorlar da qəfil ölümə aparıb çıxara bilər. El arasında qansızma deyilən hemorragik insultlar baş verir və bu da ani ölümlərə səbəb olur. Belə hallarda ölümlə üz-üzə qalan xəstənin köməyinə təcili tibbi yardım briqadası da gəlib çata bilmir”.
Mütəxəssislər bildirirlər ki, dünyada ürək-damar xəstəliklərinin yaşı gəncləşir. Vəziyyət o həddə çatıb ki, şagirdlər arasında da bu xəstəliyin qurbanına çevrilənlər var. 2050-ci ilə qədər ürək-damar xəstəliklərinin ölüm səbəbləri arasında birinci olacağı proqnozlaşdırılır. Oturaq həyat tərzi, gərginlik, gənclərin fasiləsiz rejimdə çalışması həmin prosesi sürətləndirir. Müsahibimizin dediyinə görə, bir çox hallarda ürək xəstəlikləri irsi yolla ötürülür. “1 yaşdan 5 yaşa qədər, xüsusilə də uşaqlar arasında kardioqrafik müayinələr aparılmalıdır. Elə qüsurlar var ki, onlar qalır və həmin qüsurlar hansısa medikamentoz üsullarla deyil, cərrahi yolla aradan qaldırılır. Vaxtında diqqət yetirmədikdə həmin uşaqlar 15-20 yaşına, bəzən daha az yaşa olanda müəyyən bir qüsurun ciddi fəsad verməsi və ani səbəbdən qəfləti ölüm baş verir”.
Xəstəlik zamanı həmin əlamətləri sadalayan həkim-terapevt deyib: “Ağız və burun hissəsində göyərmələr, təngnəfəslik, ritm pozğunluqları, qaçan uşaqlarda kəkələmə və s. olur. Valideynlər uşaqları vaxtlı-vaxtında müayinəyə aparmalıdırlar”.
Sağlam yaşamaq bir çox hallarda insanın özündən asılıdır. Bunun üçün səhhəti daim nəzarətdə saxlamaq lazımdır. Siqaret, energetik və spirtli içkilərdən, narkotik vasitələrdən uzaq durmaq lazımdır. Bununla həm özümüzü, həm də dünyaya gələn uşaqları qorumuş olarıq.