Qazaxıstanda koronavirusa yoluxma sürətlə artır

13 Yanvar 2022 - 14:03

Qazaxıstanda son sutka ərzində koronavirus infeksiyasına 9 min 122 yeni yoluxma halı qeydə alınıb ki, bu da ötən günlə müqayisədə iki dəfə çoxdur.

Qazaxıstanda COVID-19-un yayılmasına qarşı yaradılan İdarələrarası Komissiyanın açıqlamasında deyilir.

Qeyd edək ki, Qazaxıstanda “omikron” ştamının ilk halları bu il yanvarın 6-da Nur-Sultan və Almatıda aşkar edilib. Yeni ştamın sürətlə yayılması ilə əlaqədar ölkədə epidemioloji vəziyyət kəskin şəkildə pisləşməyə başlayıb.

Ölkənin Səhiyyə Nazirliyi Qazaxıstanda COVID-19-a yoluxma hallarının kəskin artmasını “omikron” ştamının yayılması ilə əlaqələndirərək, gündə 40 000-ə qədər yoluxma halının gözlənildiyini proqnozlaşdırıb.

Qazaxıstanın bəzi vilayət və şəhərlərində karantin şərtləri sərtləşdirilib. Orta ümumtəhsil məktəbliləri 2022-ci il yanvarın 31-dək, kollec və universitetlərin bütün kurslarının tələbələri isə 2022-ci il fevralın 6-dək onlayn təhsilə keçirilib.