Qazaxıstan Rusiya ordusunun Ukraynadan çıxarılmasının əleyhinə səs verdi –BMT-də səsvermə

Qazaxıstan Ukraynada müharibə başlayandan bəri ilk dəfə olaraq BMT-nin Rusiyadan hərbi təcavüzünü dayandırmasını və silahlı qüvvələrini Ukrayna ərazilərindən çıxarmasını tələb edən qətnamənin əleyhinə səs verib.

Bu barədə BMT-nin Xəbərlər Xidməti məlumat yayıb.

Baş Assambleya Rusiyanın Krımdan Ukraynaya qarşı təcavüz məqsədilə istifadə etməsini, Xerson və Zaporojye vilayətlərini qanunsuz olaraq ələ keçirmək cəhdlərini pisləyib.

Sənəddə həmçinin Ukraynaya hərbi müdaxilənin dərhal dayandırılması və bütün silahlı qüvvələrinin ölkə ərazisindən çıxarılması tələbi də qeyd olunur.

“Krım və Sevastopolda insan hüquqlarının pozulması” adlı qətnamənin qəbul edilməsinə 82 ölkə səs verib. 80 ölkə bitərəf qalıb, 14 ölkə əleyhinə olub.

Əleyhinə səs verənlər arasında Rusiya, Belarus, Qazaxıstan, Çin, İran, Şimali Koreya, Suriya və digər ölkələr olub.

Qeyd edək ki, Azərbaycan səsvermədə iştirak etməyib.

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.