Qırğız dilini bilməyən dövlət qulluqçuları işdən qovulacaq

İyulun 27-də Qırğızıstan rəsmiləri qırğız dilində danışa bilməyən dövlət qulluqçularının işlərindən azad ediləcəyini bildiriblər. Daha öncə ölkədə dövlət qulluqçularının dövlət dilini səlis bilməli olduğu haqda qanun qüvvəyə minib.

Azpost.info -nun məlumatına görə, Azadlıq radiosunun qırğız redaksiyanı bildirir ki, Dövlət Dili Komitəsinin rəhbəri Kanıbek Osmonaliyev deyib ki, dövlət dilinin statusunu gücləndirmək yönündə səylər illərlə davam etdiyindən qırğız dilində danışa bilməyən dövlət qulluqçularının bu dili öyrənmək üçün yetərincə vaxtı olub.

“Onların qırğız dilini öyrənməkdən ötrü 3-4 il vaxtı olub və kifayət qədər səy göstərsəydilər, onu altı aya öyrənərdilər. Artıq bütün son tarixlər keçib. Qırğız dilində danışa bilməyən rəsmilər qovulacaq”, – o bildirib.

Komitə sədrinin bu bəyanatından bir neçə gün öncə Prezident Sadır Japarov bütün dövlət müəssisələri, məhkəmələr, ordu, elm və mədəniyyət sektorları da daxil olmaqla bir çox sahədə qırğız dilindən istifadə haqda qanunu imzalayıb.

Bundan əlavə, həm dövlət, həm də özəl televiziya və radio kanallarının yayımlarının azı 60%-i qırğız dilində olmalıdır. Hərçənd ölkədə rusdilli televiziya hələ də son dərəcə populyardır.

Qanun eyni zamanda bütün dövlət işçilərinin qırğız dilini səlis bilməsini tələb edir. Bura hökumət rəsmiləri, millət vəkilləri, mərkəzi bank əməkdaşları, hüquq-mühafizə orqanlarında çalışanlar, hakimlər, prokurorlar, vəkillər və notariat rəsmiləri də daxildir.

Ancaq rus dili Qırğızıstanda rəsmi dil kimi qalmağa davam edəcək.

Buna baxmayaraq, Dövlət Dili Qanunu Rusiyada siyasətçiləri qəzəbləndirib. Rusiya Xarici İşlər Naziri Sergey Lavrov qanunu “qeyri-demokratik” və “diskriminator” adlandırıb.

Japarov tənqidi rədd edərək bildirib ki, qanun rus dilini diskriminasiya etmir. O, rus dilinin konstitusiyada yazıldığı kimi, Qırğızıstanda rəsmi dil olaraq qalacağını vurğulayıb.

Japarov rus dilinin əhəmiyyətindən, xüsusən də MDB məkanında lingua franca (ümumi ünsiyyət dili) kimi rolundan danışıb. O deyib ki, qırğız rəsmiləri çox zaman hətta Çinə, Yaxın Şərqə və Avropaya rəsmi səfərləri zamanı da rus dilində danışırlar.

Ancaq prezident həm də qeyd edib ki, Qırğızıstan rəsmiləri öz dillərini də tam öyrənməlidirlər.

“Görün bizim dövlət rəsmiləri və deputatlarımız necə danışırlar: yarı rusca, yarı qırğızca. Heç biri də nə rus dilini səlis bilir, nə də qırğız dilini”, – prezident iyulun 24-də verdiyi müsahibədə deyib.

Qırğızıstanda etnik qırğızların da çoxu birinci dil kimi rus dilindən istifadə edir.

 

Azpost.info

Əvvəlki məqalə

Astara və Masallı qadınları üçün hüquq dərsləri başlayır

Sonrakı məqalə

“İran Ukrayna ilə bağlı Ciddə danışıqlarını dəstəkləyir”