“Rafael Cəbrayılov vaksinasiyadan imtina etmişdi” –

Penitensiar xidmət
30 Sentyabr 2021 - 13:54

Ədliyyə Nazirliyi Penitensiar xidməti həbsdə olan sabiq deputat Rafael Cəbrayılovun ölümü ilə bağlı məlumat yayıb.

PX-dən APA-ya daxil olan məlumatda bildirilib ki, vəzifə cinayətinə və dələduzluq əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunmuş Milli Məclisin sabiq üzvü Cəbrayılov Rəfael Kamil oğlu sentyabr 30-da müalicə aldığı xəstəxanada vəfat edib.

Qeyd olunub ki, Bakı Ağır Cinayətlər Məhkəməsində haqqında işinə baxılan R.Cəbrayılovun hüquqlarını müdafiə edən vəkili koronavirus infeksiyasına yoluxduğu üçün məhkəmə təxirə salınıb. Bundan sonra R.Cəbrayılovdan “COVİD-19” infeksiyasına qarşı test nümunələri götürülmüş və nəticəsi pozitiv çıxıb. Cəzaçəkmə müəssisələrində könüllü olaraq aparılan kütləvi vaksinasiyadan qəti imtina edib, 1958-ci il təvəllüdlü, xroniki şəkərli diabetin kəskinləşməsindən və arterial hipertoniyadan əziyyət çəkən R.Cəbrayılov müvafiq müalicə tədbirlərinə cəlb olunub, lakin xroniki xəstəlikləri ilə əlaqədar təhlükəli risk qrupuna daxil olması nəzərə alınaraq sentyabrın 28-də o, müalicəsini davam etdirmək üçün “Yeni Klinika” xəstəxanasına yerləşdirilib. Aparılan müalicə tədbirlərinə baxmayaraq R.Cəbrayılov vəfat edib.