“Rusiyada hökumətin yüksək rütbəli məmurlarının xaricə səfərləri faktiki olaraq qadağan edilib. Bu göstərişi şəxsən Baş nazir Mixail Mişustin verib”
Azpost.info xəbər verir ki, bu barədə “The Bell” iki məlumatlı mənbəyə istinadən yazır.
Qadağa hökumətin bütün rəhbərliyinə – nazirlərə, onların müavinlərinə, aparat rəhbərlərinə və hətta şöbə müdirlərinə şamil edilir. Xaricə səfərlərə yalnız iş üçün lazım gəldikdə və Baş nazirin razılığı ilə icazə verilir.
“Hökumət digər strukturlarla müqayisədə məmurlar qarşısında ən sərt tələblər qoyub. Məsələn, Prezident Administrasiyası əməkdaşları üçün xaricə səyahət üçün daha rahat qaydalar var. Bununla yanaşı, Kreml işçilərinin əksəriyyəti harasa getməyə hətta cəhd də etmirlər”, – yazıda qeyd olunur.
Bununla yanaşı, xaricə tətilə getməyə qərar verənlər Rusiyaya “neytral” olan ölkələri seçməyə borcludurlar. Çıxış icazəsi administrasiyanın rəhbəri Anton Vayno tərəfindən şəxsən imzalanır.
“Financial Times” isə yazır ki, kəşfiyyat orqanları sızma və fərarilikdən ehtiyat edərək dövlət aparatının nümayəndələrinin xarici pasportlarını müsadirə edir. Onların sözlərinə görə, hətta bir sıra keçmiş məmurlar da sənədlərini təhvil verməli olublar. Üstəlik, dövlət şirkətlərinin yüksək rütbəli top-menecerləri, eləcə də bir sıra iş adamları üçün xaricə pulsuz səyahətə qadağa qoyulub.
“Dəmir pərdə” təkcə dövlət strukturlarının işçilərini əhatə etməyib. Belə ki, Mərkəzi Bankın rəhbərliyi də əməkdaşlarına xüsusi göstərişlərə qədər “dost olmayan” ölkələrə səfər etməməyi qətiyyətlə tövsiyə edib”, – “The Bell” qeyd edir.
Azpost.info