Rusiya Qırğızıstandan süd məhsullarının idxalını dayandırdı- Kiril əlifbasından imtina təklifindən sonra

Rusiya Qırğızıstandan süd məhsullarının idxalını dayandırıb.

Azpost.info xəbər verir ki, bu qərar ötən həftə Qırğızıstanın süd məhsulları və fermalarındakı yoxlamadan sonra qəbul edilib.

Yoxlama yerli şirkətlərin məhsulun keyfiyyətinə nəzarət etməkdə səmərəsiz olduğunu ortaya qoyub. Lakin “Rosselxoznadzor” problemlərin konkret nədən ibarət olduğunu göstərməyib.

Rusiya bundan əvvəl də “Rosselxoznadzor”dan keçmiş sovet respublikalarına qarşı xarici siyasət aləti kimi istifadə edib. Məsələn, ikitərəfli gərginliyin artması zamanı Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistandan tədarükləri dayandırıb.

Bu yaxınlarda Qırğızıstan parlamentinin deputatları milli əlifbanın kirildən latına keçirilməsini təklif ediblər. Deputatlar qeyd ediblər ki, kiril əlifbasında qırğızca sözlər çox vaxt səhv yazılır. Təşəbbüsü Prezident yanında Dövlət Dili üzrə Milli Komissiyanın sədri Kanıbek Osmonəliyev dəstəkləyib.

Qırğızıstan prezidenti Sadır Japarov Osmonəliyevlə görüşdə deputatların təklifini tənqid edib. Dövlət başçısı Osmonəliyevə sərt irad bildirərək  onu dil siyasəti, o cümlədən qırğız dilinin latın dilinə tərcüməsi ilə bağlı ehtiyatsız bəyanatlardan çəkinməyə çağırıb.

SSRİ-nin dağılması nəticəsində ayrılmış Sovet İttifaqının bütün keçmiş türkdilli respublikalarında bu və ya digər formada kiril əlifbasından latın əlifbasına keçid prosesi baş verib. Azərbaycanda və Türkmənistanda 1990-cı illərin birinci yarısında kiril əlifbasından imtina edilib. Özbəkistanda uzun illər iki rəsmi əlifba var idi, lakin 2023-cü ilə qədər məmurlar tamamilə latın versiyasına keçiblər. Qazaxıstanda latın əlifbasına keçid prosesi 2017-ci ildən davam edir

Azpost.info

 

Əvvəlki məqalə

NATO hərbçiləri Bakıya gəldi, HHQ qüvvələri ilə görüşdü –

Sonrakı məqalə

Ronaldo Ramazan Bayramı ilə bağlı təbrik yazdı