“Rusiya Türkiyəyə S-400-lərin əlavə partiyasını göndərmək niyyətindədir” –Peskov

“Rusiya Türkiyəyə S-400 zenit-raket komplekslərinin əlavə partiyasını tədarük etmək niyyətindədir”.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Yunanıstanın ANT1 telekanalına müsahibəsində bildirib.

Rusiyanın Türkiyəyə S-400 hava hücumundan müdafiə sistemlərinin daha bir partiyasını tədarük edib-etməyəcəyi ilə bağlı suala Peskov belə cavab verib: “Türkiyəli tərəfdaşlarımızla müəyyən anlaşmamız var və buna ümid edirik. Ümid edirik ki, bəli”.

Müxbir sual verib ki, ABŞ sanksiyalarına baxmayaraq, Rusiyanın Türkiyəyə S-400 hava hücumundan müdafiə sistemi verməkdə xüsusi marağı nədir?

“Biz hamımız bilirik ki, ABŞ bu sanksiya oyununu oynamağı xoşlayır, baxmayaraq ki, biz başa düşürük ki, onlar heç vaxt öz məqsədlərinə çatmırlar. Onlar heç vaxt heç bir ölkəni fikirlərini dəyişməyə nail ola bilməyiblər. Bizim siyasətimiz ondan ibarətdir ki, biz onlarla əməkdaşlığa açıqıq. Müxtəlif ölkələrlə də, xüsusən tərəfdaşlarımızla. Rusiya və Türkiyə arasında bu cür əməkdaşlıq heç bir ölkəyə, xüsusilə Yunanıstan üçün də təhlükə olmamalıdır, çünki bu sistem hücum deyil, müdafiə xarakteri daşıyır, 100 faiz müdafiə xarakteri daşıyır”, deyə Peskov əminliyini bildirib.

Qeyd edək ki, Peskov Rusiya Prezidenti Vladimir Putinlə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis arasında Soçidə keçiriləcək görüş ərəfəsində telekanala müsahibə verib.

Xatırladaq ki, Rusiya və Türkiyə 2017-ci ildə Moskvadan Ankaraya S-400 hava hücumundan müdafiə sistemlərinin tədarükünə dair müqavilə imzalayıb. Türkiyə bu sistemləri Rusiyadan alan ilk NATO ölkəsidir. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

“Günəşli” yatağındakı qəzada itkin düşən 17 neftçidən birinin meyiti tapıldı –

Sonrakı məqalə

“Qarabağ” səfərdə “Bazel”lə qarşılaşacaq –