Rusiyada qazpaylayıcı stansiyada partlayış və güclü yanğın baş verib

Leninqrad vilayətinin Vsevolojsk rayonunda qazpaylayıcı stansiyada güclü yanğın baş verib.

TASS-ın verdiyi məlumata görə, yanğın Bernqardovka və Kovalevo arasında qaz kəmərində baş verən partlayış nəticəsində baş verib. Əhali üçün və yanğının yaşayış məntəqələrinə keçməsi təhlükəsinin olmadığı bildirilib.

Vilayət administrasiyasının mətbuat xidmətindən onu da əlavə ediblər ki, qəza yerində magistral qaz kəmərinin avtomatlaşdırılması normal işləyir.

Qaz xidmətlərindən verilən məlumata görə, magistral yeraltı qaz kəmərində avtomatlaşdırma normal işləyib – qazın təzyiqi aşağı salınıb. Leninqrad vilayəti hökümətinin mətbuat xidmətindən bildirilib ki, Vsevolojsk yaxınlığındakı qazpaylayıcı stansiyada qaz kəmərində baş verən yanğınla əlaqədar özəl sektora qazın verilməsi dayandırılıb.

Hadisənin səbəbləri araşdırılır.

Hadisə şahidlərinin sözlərinə görə, yanğın başlamazdan əvvəl güclü partlayış səsi eşidilib. Qeyd olunur ki, Sankt-Peterburqun şimal rayonlarında tüstü sütunu görünür.

Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən TASS-a verilən məlumata görə, Ryabovskoye şossesinin 153-cü km-də yanğınla bağlı xəbər Moskva vaxtı ilə saat 15:25-də daxil olub. “İlk yanğınsöndürənlərin çağırıldığı yerə gəldikdən sonra məlum olub ki, qaz kəmərində təzyiqin azalması, ardınca isə yanğın olub. İlkin məlumata görə, tələfat yoxdur”, – deyə mətbuat xidmətindən bildiriblər.

Rusiya İstintaq Komitəsinin mətbuat xidməti bildirib ki, İstintaq Komitəsinin Leninqrad vilayəti üzrə İstintaq İdarəsinin müstəntiqləri və kriminal ekspertləri hadisə yerinə yola düşüb.

Əvvəlki məqalə

Azərbaycan bu il ən çox Hindistana mal ixrac edib –

Sonrakı məqalə

“Britaniya Ukraynanı sonacan dəstəkləyəcək”