Səfir Elin Süleymanov ABŞ-dakı Azərbaycan icmasına müraciət etdi

20 Aprel 2020 - 12:53

Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov, diplomatik korpusun əməkdaşları ilə bu ölkədə yaşayan Azərbaycan icmasının fəalları arasında videobağlantılı formatda görüşü keçirilib. 

“Report”un xüsusi müxbiri xəbər verir ki, görüş paytaxt Vaşinqtonda yerləşən və 1996-cı ildən etibarən fəaliyyət göstərən Amerika Azərbaycan Ticarət Palatasının (USACC) təşkilatçılığı ilə baş tutub.

Görüşdə ABŞ-da koronavirus pandemiyası ilə bağlı hazırkı durum, bu ölkədə yaşayan həmvətənlərimizin vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

E.Süleymanov ABŞ ərazisində yaşayan bütün həmvətənlərimizin daha operativ və səmərəli konsulluq fəaliyyətindən yararlanması üçün səfirliyin konsulluq şöbəsində qeydiyyatdan keçməyə çağırıb.

O, həmvətənlərimizi evdə qalmağa və zəruri olmadıqca bayıra çıxmamağa səsləyib: “ABŞ ərazisində Azərbaycan icmasının sıx məskunlaşdığı bir sıra ərazilərdə, o cümlədən Nyu-York şəhəri, Nyu Cersi, Virciniya və Merilənd ştatlarında yeni koronavirusun kəskin şəkildə artmasını və hazırda ölkənin infeksiyaya yoluxma hallarının sayına görə dünyada birinci yerdə olmasını nəzərə alaraq bir daha sizə müraciət edirik. Xahiş edirik ki, yerli dövlət orqanlarının müvafiq qaydalarına ciddi şəkildə riayət edəsiniz, zəruri olmayan hallarda evdən çıxmayasınız və insanlarla təmasdan çəkinəsiniz. Hazırkı vəziyyətdə özünüz, ailəniz və icmamıza edə biləcəyiniz ən vacib tədbir evdə qalmaq və sosial təcrid olunmaqdan ibarətdir”.

Səfir həmçinin ABŞ-da koronavirusla bağlı yaranmış vəziyyətlə əlaqədar çətinliklərlə üzləşən Azərbaycan vətəndaşlarına icmalar, eləcə də üzvləri tərəfindən göstərilən dəstəyə görə minnətdarlıq edib.

E.Süleymanov vurğulayıb ki, hazırda ABŞ-da olan Azərbaycan vətəndaşları, xüsusilə bu ölkədə təhsil alan tələbələr və qısa müddətə ABŞ-a səfərə gəlmiş, lakin sərhədlərin bağlanması səbəbindən vətənə qayıda bilməyən vətəndaşlar ilə əlaqə yaratmağa və dəstək verməyə xüsusi diqqət ayrılmalı, onlara yaxından köməklik göstərilməlidir.