Sabahkı Zəfər yürüşünün detalları –

Bulvarda musiqili atəşfəşanlıq olacaq
07 Noyabr 2021 - 13:58

Xəbər verdiyimiz kimi, noyabrın 8-də Bakıda Zəfər Günü ilə əlaqədar yürüş keçiriləcək.

Saat 10-da hərbi orkestrin müşayiəti ilə başlayacaq yürüş Azneft dairəsindən “Ağ şəhər” bulvarınadək davam edəcək. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları isə Azərbaycan bayrağını yürüş marşrutu üzrə aparacaqlar. Yürüşü süvari dəstəsi müşayiət edəcək.

“Ağ şəhər” bulvarınadək davam edən yürüş “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə təşkil olunan flaşmobla başa çatacaq.

Noyabrın 8-də Bakıda torpaqlarımızın işğaldan azad edilməsi və şanlı zəfər tariximizə həsr olunan musiqili atəşfəşanlıq olacaq. 

Azərbaycanın korifey bəstəkarlarının musiqilərinin müşayiəti ilə Zəfər Günü üçün hazırlanan atəşfəşanlıq 21.10-da Dənizkənarı Bulvarda başlayacaq.(Qafqazinfo)