Şah İsmayıl Xətainin Lənkəranda ziyarət etdiyi məşhur türbə –FOTO

İslam dini təşəkkül tapdıqdan sonra Azərbaycanda da bir sıra ziyarətgahlar – ocaqlar, türbələr, pirlər və xanəgahlar yaranıb. Belə müqəddəs məkanlardan biri də Lənkəran rayonunun Şıxəkəran kəndində yerləşən Şeyx Zahid türbəsidir.

Şeyx Zahid öz dövrünün tanınmış ziyalısı olub. Tarixçi Güloğlan Bağırovun sözlərinə görə, o, 1216-ci ildə indiki Lənkəran rayonunun Siyavar kəndində Talış Şeyx Rövşən Əmirin ailəsində dünyaya göz açıb. Şeyx Rövşən Əmir İranın Gilan vilayəti kəndlərinin birində evləndikdən sonra Lənkəranın Siyavar kəndinə köçüb. Şeyx Zahidin əsl adı Tacəddin İbrahimdir. O, ilk təhsilini Astaranın indiki Pensər kəndində XIII əsrin məşhur sufi alimi Seyid Cəmaləddindən alıb. Kifayət qədər təqvalı bir şəxsiyyət olan Seyid Cəmaləddin çox böyük ümidlər bəslədiyi şagirdinə “Zahid” ləqəbini verib, vəfat edərkən isə ona öz işini davam etdirməyi və sufi təriqətinə başçılıq etməyi tapşırıb.

“XIII əsrdə Talışın ərazisi Gilanın tərkibində olduğu üçün Şeyx Zahid özünə “Gilani” təxəllüsünü götürüb. Şeyx Zahid Gilani də hörmət və ehtiram əlaməti olaraq oğluna müəllimi Cəmaləddinin adını qoyub. Şeyx Zahid zəmanəsinin böyük alimlərindən biri olmaqla yanaşı, eyni zamanda bir neçə dil də bilirmiş. Belə ki, o, talış dilindən başqa Azərbaycan, gilək, ərəb, fars, kürd və qədim pəhləvi dillərində danışırmış. O, 25 il Səfəvilərin ulu babası Şeyx Səfiəddinə müəllimlik edib. Lənkəran mahalının Hiləkəran kəndində fəaliyyət göstərmiş Şeyx Zahid məktəbi dövrünün ən yüksək təhsil verən elm ocaqlarından biri olub. Məhz buna görə də Şeyx Zahid məktəbi nəinki Azərbaycanda, ümumiyyətlə şərqdə əhali arasında geniş şöhrət qazanıb. Şeyx Zahid qızı Bibifatmanı şagirdi Şeyx Səfiəddinə ərə verib. Məhz bu səbəbdən Səfəvilər ana tərəfdən Şeyx Zahid nəslindən hesab olunurlar”, – deyə tarixçi bildirib.

Lənkəran şəhər tarixi abidələr üzrə baş mütəxəssis Rauf Salayev bildirib ki, Şeyx Zahid 1300-cü ilin martında Siyavarda vəfat edib, orada da dəfn olunub: “Tarixdən məlumdur ki, Şeyx Zahidin məqbərəsini bir neçə dəfə su basıb. Məhz dəniz suyunun qalxması ilə əlaqədar onun qəbri sonralar Hiləkəran, indiki Şıxəkəran kəndinə köçürülüb. Şeyx Zahidin qəbri Siyavardan buraya köçürüldükdən sonra kənd onun adı ilə Şıxəkəran adlandırılıb”.

Tarixi mənbələrdə rast gəlinir ki, Səfəvi hökmdarları ulu babaları olan Şeyx Zahidin məqbərəsini dəfələrlə ziyarət edib, onu təmir ediblər. 1478-ci ildə Şah İsmayıl Xətainin atası Şeyx Heydər bir neçə nəfər mahir bənna və nəccarla gəlib məqbərə ilə günbəzi təmir etdirib. Şah İsmayıl Xətai 1500-ci ildə, I Şah Abbas isə 1609-cu ildə buranı ziyarət edib.

Bu gün Şeyx Zahid türbəsi nəinki Lənkəran rayonu, həmçinin respublikamızda daha çox tanınan ziyarətgahlardan biridir. Buranı yerli sakinlərlə yanaşı, xarici turistlər də ziyarət edir. (Azərtac)

Əvvəlki məqalə

Çində saatda 80-lə gedən sürətli lift düzəldilib

Sonrakı məqalə

Naxçıvanda qumar oynayan qumarbazlar saxlanılıdı