Sanksiyalar Rusiyada araq bazarını da “vurub”- Xaricə tədarük 76 faiz azalıb

2023-cü ilin birinci rübündə xaricə rus araqlarının tədarükü 76,75 faiz azalaraq 6,33 milyon dollar təşkil edib.

Azpost.info xəbər verir ki, bu barədə “Vedomosti” Federal Gömrük Xidmətinin məlumatlarına istinadən yazır.

Təmiz spirtin ixracı da 77 faiz və ya 752 027 litr azalıb.

Federal və Regional Alkoqol Bazarlarını Araşdırma Mərkəzinin direktoru Vadim Drobiz deyir ki, eniş Avropa İttifaqı (Aİ), ABŞ və Kanadaya araq tədarükünün qadağan edilməsi ilə bağlıdır. Onun sözlərinə görə, bu bazarlar bütün ixracın üçdə birinə qədərini təşkil edib və xaricə bahalı araq satılıb.

Lakin Drobiz daxili tələbatın artacağını düşünür. Çünki ruslar xaricə istirahətə getməyi praktiki olaraq dayandırıblar.

Aİ ötən ilin iyul ayında sanksiyaların altıncı raundu çərçivəsində Rusiyadan spirtli içkilərin tədarükünə qadağa qoyub. ABŞ və Kanada da Ukraynada müharibə başlayandan sonra oxşar embarqonu tətbiq etmişdi.

İri araq istehsalçıları MDB, Yaxın Şərq, Hindistan və Asiya-Sakit okean regionu bazarlarına tədarükün istiqamətini dəyişməyə çalışırlar. “Rust”un (“Russian Standard”, “Talka” brendləri) nümayəndəsi bildirib ki, 2024-cü ilə qədər bu sahələr Qərbə ixracın itirilmiş həcmlərini tamamilə əvəz edəcək.

“Stellar Group” (Veda, Gjelka brendləri) Afrika, Mərkəzi Asiya, Çin, İsrailə daşımaların artırılması üzərində işləyir. Şirkətin kommersiya direktoru Aleksandr Qrevtsov ilin ikinci yarısında ixracın artacağını gözləyir.

“Ladoga” (Tsarskaya, Xlebnaya brendləri) də bu bölgələrə istiqamətlənmənin dəyişdiyini açıqlayıb. Onlar əsas çətinliyi hələ qurulmamış logistikada görürlər. “Ladoga” Çinə satışın 50 faiz artacağına ümid edir.

Azpost.info

Əvvəlki məqalə

Vətəndaşlara məxsus obyektlərdə niyə kameralar quraşdırılır?

Sonrakı məqalə

Prezident İlham Əliyev və Ərdoğan “TEKNOFEST” festivalında iştirak edir