Sergey Lavrov Nyu-Yorka gəldi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu-Yorka gəlib. O, aprelin 24-25-də BMT Təhlükəsizlik Şurasının iclaslarında iştirak edəcək.

TASS  xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. O, həmçinin qeyd edib ki, Sergey Lavrovun reysini “Flightradar” xidmətində eyni vaxtda 700 mindən çox, ümumilikdə isə 3 milyona yaxın insan izləyib. Bu, rekorddur.

Lavrovun bazar ertəsi BMT-nin Baş katibi Antonio Quterreşlə görüşü gözlənilir. Daha əvvəl Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirmişdi ki, Rusiyanın müzakirə üçün mövzuları çoxdur.

Bundan əlavə, rusiyalı nazir bir sıra ölkələrin xarici işlər nazirlərini, eləcə də ABŞ dövlət katibi Antoni Blinkeni BMT Təhlükəsizlik Şurasının Rusiya Federasiyasının sədrliyi ilə keçiriləcək iclaslara dəvət edib. Lavrovla Blinkenin təşkilatın mənzil-qərargahında görüşü məsələsi hələ açıq qalır.

Rusiya XİN rəhbərinin sözlərinə görə, Moskva Blinkenlə görüş imkanını nəzərdən keçirməyə hazırdır və Amerika tərəfi ilə dialoq üçün ciddi təkliflərdən heç vaxt imtina etmir. Lakin Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov nümayəndə heyəti Nyu-Yorka yola düşməzdən əvvəl belə bir görüş üçün hələlik planların olmadığını və təmas imkanının “şəraitə görə müəyyən ediləcəyini” bildirib.

Əvvəlki məqalə

Gürcüstan Baş nazirinə qarşı təxribat –

Sonrakı məqalə

“Lavrovun Moskva-Nyu-York reysini 3 milyona yaxın insan izləyib”