SİNEMA: “Çili üzərində gecə” –

Bakıda 40 il əvvəl Pinoçet əleyhinə çəkilmiş məşhur FİLM (FOTOLAR)
31 Yanvar 2020 - 21:44

Azpost.info “Sinema” layihəsi çərçivəsində “Mosfilm”in 1977-ci ildə çəkdiyi “Çili üzərində gecə” filmini təqdim edir.

Çilili rejissor Sebastyan Alarkonun çəkdiyi  bu film 1973-cü ildə general Pinoçetin Çilidəki qanlı hərbi çevrilişinə həsr olunub. Real faktlar əsasında çəkilən bu tarixi dramda Pinoçet xuntasının çevriliş zamanı törətdiyi qətllər,cinayətlər və sadə xalqın əzabı əks olunub.

Filmin əsas qəhrəmanı gənc memar Manueldir. Film onun gözü ilə baş verən qanlı hadisələrə güzgü tutur.  Gənc memar Manuelin həyatda məqsədi yeni gözəl binalar tikməkdir. O ətrafında baş verənlərə tam biganə qalaraq siyasətlə maraqlanmır.

11 sentyabr 1973-cü ildə baş verən hadisələr onun bütün dünyagörüşünü dəyişir.

Solçu gəncin hərbçilərin yoxlaması zamanı onun yaşadığı kvartala qaçdığı üçün həbs olunan Manuel işgəncə və təhqirlərdən keçir, Milli stadionda baş vermiş kütləvi güllələnmənin şahidi olur. Manuel başa düşür ki, vicdanlı adamların baş verən ədalətsiziliyə biganə qalmaları doğru deyil. Bu vətəni fəlakətə aparır.

“Çili üzərində gecə” filminin  əsas epizodları Azərbaycanda çəkilib.
Bakı Çilinin paytxatı Santyaqonu əvəz edib. Çəkilişlərin böyük hissəsi Bakı küçələrində aparılıb.
Filmdə baş rolu Moldovalı aktyor Qriqore Qriqoriu oynayıb.  Filmdə azərbaycanlı aktyorlar da epizodik rollarda çəkiliblər. Ekranda mərhum Sadıq Hüseynovu və xalq artisti Tariyel Qasımovu görmək olur.