Şöbə müdiri tələbədən aldığı 4 min manatı rektor Nurlana Əliyevaya verdiyini deyib

01 Noyabr 2021 - 14:52

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda şahid ifadələri dinlənilib.

Məhkəmədə şahid qismində Bakı Slavyan Universitetində ikinci təhsil alan tələbənin atası İsmət Nəzərov ifadə verib. İ. Nəzərov bildirib ki, üç illik təhsil üçün ondan beş min manat istənilib. Sonradan isə o, həmin məbləği dörd min manata endirilməsinə nail olub: “Ödəniş etmək üçün Dürdanə Əliyeva ilə görüşdüm. Mənə dedi ki, 4 min manatı ona verməliyəm. Həmçinin mənə bildirdi ki, qızımın universitetdə rahat oxumasına və “qayıb”lara da kömək edəcək. Qızım hazırda üçüncü kursda təhsil alır, universitetə 1100 manat borcumuz var”.

Şahid, həmçinin, qeyd edib ki, məsələ ilə bağlı qızı universitetin rektoruna müraciət etsə də, birmənalı cavab ala bilməyib: “Rektor qızımı qəbul edərkən ona “pulunuz belə çox idi ki, verirdiniz?”, deyə sual verib. Mən hansısa “parkovşik”lə iş görməmişəm, universitetin təyin etdiyi rəsmi şəxslə danışmışam, ona ödəmişəm pulu”.

Şahidin ifadəsinə münasibət bildirən Dürdanə Əliyeva bildirib ki, aldığı 4 min manat pulun hamısını universitetin o zamankı rektoru Nurlana Əliyevaya verib.

İxtisas artırmaq üçün universitetə müraciət edən digər şahid Mehman Nəcəfov isə təqsirləndirilən şəxsə təhsil ödənişi üçün min manat verdiyini deyib: “Təhsil ödənişi üçün ümumilikdə 2200 manat ödəməli idim. Dürdanə Əliyeva dedi ki, ilkin ödəniş kimi 1000 manat ona verməliyəm. Həmin 1000 manatı ona verdim, digər 1200 manatı isə bank aparatı ilə ödədim. Sonradan məlum oldu ki, nə 1000 manat, nə də aparatla ödədiyim pul universitetin kassasına keçib”.

Şahidin ifadəsinə münasibət bildirən hakim təqsirləndirilən şəxsə “Bank aparatı ilə ödənilən pul necə ola bilər ki, universitetin kassasına keçə bilməsin” sualı verib.

D. Əliyeva isə “Belə hallar ola bilərdi, amma necə olurdu, bilmirəm”, – deyə cavab verib.

Şahid təhsil alan zaman son 80 manatını da imtahandan keçmək üçün verdiyini deyib. Hakim Əli Məmmədov şahidə son qəpiyinə kimi pulunu tələb edib geri almasını təklif edib: “Necə ola bilər ki, bank aparatı ilə ödədiyin məbləğ də universitetin kassasına keçməsin? Get araşdır, universitetə müraciət elə, banka müraciət elə, pulunu geri al”.

Prosesdə şahid qismində son olaraq 2020-ci ildə ikinci təhsil almaq üçün Dürdanə Əliyevaya 2 min manat pul verdiyini deyən Ülviyyə İsmayılova ifadə verib: “Dürdanə Əliyeva mənə dedi ki, üç il təhsil üçün ödəniş illik 2 min manat olacaq. Həmin pulu ona ödəməyimi istədi. Mən də ödəyib getdim. Dekabr ayında mənə zəng edib dedilər ki, təhsil ödənişi etməlisən. Hələ də universitetə borclu qalmışam”.

Məhkəmənin “Hazırda tələbiniz nədir” sualına isə şahid heç bir tələbi olmadığını, dəymiş ziyanı da özü ödəyəcəyini bildirərək bir daha onu məhkəmə prosesinə çağırmamalarını xahiş edib: “Mən artıq yorulmuşam. Şikayətimi də geri götürürəm. Dürdanə xanıma verdiyim pulu da özüm ödəmək istəyirəm. Ondan heç nə tələb etmirəm. Mən bu günə kimi yollarda 400 manat xərcləmişəm. Həmin 2 min manatı geri alana qədər elə 2 min manat pulum çıxacaq. İşdən də hər dəfə icazə alıb məhkəməyə gələ bilmirəm. Xahiş edirəm məni bir daha məhkəməyə çağırmayasınız”.

Hakim Əli Məmmədov şahidin sözlərinə münasibət bildirərək bir daha onu məhkəməyə çağırmayacaqlarını deyib: “Baxın, vətəndaşı nə hala çatdırmısınız ki, gəlib məhkəməyə deyir ki, mən bezmişəm, şikayətimi geri götürürəm”.

Proses noyabrın 15-də davam etdiriləcək.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.

Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.