Sosial şəbəkələrdə narkotik satan şəxs tutulub

24 Noyabr 2021 - 16:33

Yasamal Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində rayonun müxtəlif ərazilərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs, əvvəllər məhkum edilmiş Vüsal Yaqubov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, onun üzərində axtarış aparılarkən 170 qram heroin və 50 qram metamfetamin aşkarlanaraq götürülüb. Həmin şəxs izahatında narkotiklərin sosial şəbəkələrdə onlayn yolla satışını həyata keçirdiyini bildirib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Vüsal Yaqubovun narkotik vasitələri əldə etdiyi mənbənin müəyyənləşdirilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı isə yetkinlik yaşına çatmayan məktəblini bıçaqla hədələyərək onun mobil telefonunu quldurluq yolu ilə əlindən alan şəxs saxlanılıb. Tədbir zamanı həmin cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs, əvvəllər məhkum olunmuş Gəncə şəhər sakini İlkin Məmmədov tutulub. O, ifadəsində törətdiyi hadisəni etiraf edib.

Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanıb, zəruri istintaq tədbirləri davam etdirilir.