Sosial şəbəkələrin gənclərin mədəni və mənəvi inkişafına təsiri

29 May 2020 - 14:40

“Sosial şəbəkə” anlayışının özü hələ 1954-cü ildə yaranmışdır, mənası müasir mənasından uzaq anlamda idi. Ceyms Barnsın verdiyi tərifə görə “Sosial şəbəkə” – “sosial obyektlərdən (insan və ya təşkilatlardan) və onlar arasındakı əlaqələrdən (yəni, sosial qarşılıqlı münasibətlərdən) ibarət kəsişmə nöqtələrindən təşkil olunan sosial strukturdur”.

Bəsit dildə desək, sosial şəbəkə – öz aralarında tanış olan insan qrupudur.

Müasir dünyada internet vasitəsi ilə əlaqə saxlamaq artıq gündəlik həyat normasına çevrilmişdir.

Hazırda sosial şəbəkələrin sayı  çoxalmaqdadır. 2008-ci ildən başlayaraq istifadəçilərə müxtəlif imkanlar təklif edən yeni növlər meydana gəldi.

Bununla əlaqədar olaraq sosial şəbəkələri bir neçə təsnifat tipinə ayırmaq olar. Ən sadə təsnifat üsulu – tip üzrə təsnifatdır. Təklif etdikləri imkanlar baxımından bir neçə sosial şəbəkə qrupunu ayırd etmək olar:

– Şəxsi ünsiyyət (Classmates.com)

– İşgüzar ünsiyyət (LinkedIn)

– Xəbərlər (Reddit)

– Video (YouTube)

– Audio (Last.fm)

– Foto (Flickr)

– Əyləncə (MySpace)

– Əlfəcin (Delicious)

– Bazarlıq (Groupon)

– Blogginq (Tumblr)

– Geolokasiya (Foursquare)

– Sual-cavab xidmətləri (Answers.com)

– Virtual aləmlər (Second Life)

– Tematik resurslar (Slashdot)

İnkişaf etməkdə olan texnologiya həyatımızın böyük bir hissəsinə sirayət etməkdədir. Virtual məkan genişləndikcə, internetdə mövcud olan sosial şəbəkələrin də sayı artır. Danılmaz faktdır ki, bu şəbəkələrin əsas istifadəçi kütləsi gənc nəslin nümayəndələridir. Bu səbəbdən də gündəlik həyatımızda sosial şəbəkələrin müsbət tərəflərini müşahidə etsək də, kifayət qədər mənfi tərəflərini də görürük.

Sosial şəbəkə – istənilən vaxt və istənilən yerdə lazım olan insanı tapmaq və ona lazımi informasiyanı ona çatdırmaq üçün ən tez işləyən vasitədir ki, bu da gənc mədəniyyət işçiləri üçün çox vacibdir. Hər hansı sosial şəbəkədə akkauntun olması, məsələn, başqa ölkədən olan insanla əlaqə saxlamaq lazım olanda xüsusi ilə qiymətlidir. Belə situasiyada qənaət etməklə ucuz vasitədən istifadə zəminində işin keyfiyyətini təmin edəcəklər.

İkincisi, həmsöhbəti seçmək imkanı yaranır. Bu o deməkdir ki, sosial şəbəkə maraqlar üzrə dostlar tapmaq üçün operativ fürsət verir. Məsələn, əgər şahmatla maraqlanırsınızsa, kitab və ya kino həvəskarısınızsa, hər hansı idman növü ilə məşğul olursunuzsa, o zaman sizinlə eyni maraqları paylaşan insanları burada tapa bilər, başqalarının fikrini öyrənə, bu və ya digər məsələ ilə bağlı məsləhət ala, eləcə də işgüzar görüş və birlikdə vaxt keçirmək barədə razılaşa bilərsiniz.

Üçüncüsü isə hadisələrin və yeniliklərin mərkəzində olmaq imkanıdır.

Sosial şəbəkələr – yeniliklərin yayılma sürətində bir inqilabdır. Hal-hazırda bir çox xəbər təşkilatları birlikdə xəbər toplamaq və yaymaq üçün sosial şəbəkələrlə tərəfdaşlıq əlaqələri yaradır. Öz akkauntunuzda xəbər səhifəsini vərəqləməklə hər an dünyada baş verənlərdən xəbərdar ola bilərsiniz.

İnternet qlobal kompüter şəbəkəsinin inkişafı insan həyatının və fəaliyyətinin ən müxtəlif sahələrinə təsir göstərir. İnternetin mədəniyyətlərarası interaktiv ünsiyyət (kommunikasiya) vasitəsi kimi öyrənilməsi, mədəniyyətlərarası əlaqələrin keyfiyyətinin artırılması imkanlarının öyrənilməsi zərurəti yaranır. Bu baxımdan internetin gənclər arasında mədəniyyətlərarası ünsiyyətə təsirinin, eləcə də gənclərin mədəniyyətinə təsirinin xüsusiyyətlərinin tədqiqi mühüm əhəmiyyət kəsb edir.

İnternetin inkişafı müxtəlif auditoriyaların mədəniyyətinin, birləşməsinin və inteqrasiyasının, onların dünya mədəniyyətinin nailiyyətlərinə uyğunlaşdırılmasının intensiv yayılmasının mümkünlüyü haqqında məsələni qaldırmağa imkan verir. Bununla əlaqədar olaraq mədəniyyətə aid informasiya yeni bir şəkildə yayılır və fəaliyyət göstərir. Mədəni və bədii dəyərlərin ekvivalent və hərtərəfli şəkildə yayılması və paylaşdırılması imkanı yaranır.

Mədəniyyətlərarası kommunikasiya baxımından bu, informasiyanın internetə maksimal nüfuz etməsinə nail olmağa imkan verir, yəni hər bir internetistifadəçisi nəinki öz informasiyasını yerləşdirə, həmçinin oxuyuculardan “cavab” (əks əlaqə) ala, mübahisə edə, onların fikrini öyrənə, forumlarda müzakirələr apara bilir. İnformasiyanın ötürülməsinin vaxtında və operativ baş verməsi, “real vaxt rejimi” zaman fərqini aradan qaldırmaqla kommunikasiya üçün yeni imkanlar yaradır. İnternetin bu xüsusiyyəti onu rahat və geniş yayılmış mədəniyyətlərarası kommunikasiya vasitəsinə çevirir.

Dil baryeri mədəniyyətlərarası kommunikasiyanın ən başlıca maneələrindən biridir. Lakin internetin texniki imkanları sayəsində dil baryerinin aradan qaldırılması üçün getdikcə daha rahat şərait yaradılır. Bir çox saytlarda bir neçə dildə versiyaların təklif olunması çox vacibdir. Bu, istifadəçilərə digər ölkələr haqqında öz doğma dilində məlumat almaq imkanı verir.

İnternet vasitəsi ilə gənclər “virtual reallıqda” cərəyan edən yeni ünsiyyət tipi olan mədəniyyətlərarası informasiya kommunikasiyasına daxil olur. Bu, hər bir fərdə mədəniyyətlərarası əlaqələr zamanı yalnız öz təcrübəsinə deyil, həmçinin virtual reallıq fenomenini təşkil edən hər bir şeyə əsaslanmağa imkan verir. Nəticədə isə reallığın əks olunmasının işarəli və simvolik səviyyələrinin qarışması baş verir ki, bu da gənclərinmədəniyyətlərarası kommunikasiyasının xarakterinə təsir edir.

Gənclərin dünyagörüşünün formalaşmasında, onların aktivliyinin artmasında sosial şəbəkələrin əhəmiyyətli rolu artıq bütün dünyada etiraf olunur. Belə ki, şəbəkələrdə hər hansı bir məsələ ilə əlaqədar təbliğat aparmaq, fikirlər paylaşmaq mümkün olur ki, bunun da təsirinin digər təbliğat vasitələrindən artıq olduğu heç kimə sirr deyil.

Ümumilikdə sosial şəbəkələrdə ünsiyyət saxlamaq qaydaları ictimai yerlərdə tətbiq olunan adi ünsiyyət qaydaları ilə oxşardır. Bir çox istifadəçilər internetdə ünsiyyət saxlamağın xüsusiyyətlərindən irəli gələrək elementar nəzakət qaydaları və şəxsi təhlükəsizlik barədə unudurlar. Yadda saxlamaq lazımdır ki, istənilən şəxs istənilən niyyətlə sizin profilə baxa bilər. Buna görə də sosial şəbəkə istifadəçisi müəyyən qanunauyğunluqlara riayət etməlidir. Belə olan halda sosial şəbəkələrdə ünsiyyət yalnız faydalı olar və müsbət emosiyalar qazandıra bilər.

Sosial şəbəkələrin müasir gəncliyin şəxsiyyətinə təsiri barədə bir mənalı fikir yürütmək olmaz. Şübhəsiz ki, sosial şəbəkələr bir çox imkanlar vəd edən böyük texnoloji nailiyyətdir. Planetin hər guşəsindən olan dostlarla problemsiz ünsiyyət saxlamaq, yeni tanışlıqlar yaratmaq, şəbəkələrdə xeyli məzəli səhifələr və komikslər vardır. Öz maraqları çərçivəsində istənilən qrup tapmaq mümkündür.

İnternet texnologiyalarının belə möcüzəsinə düzgün, intizamlı yanaşmaqla hər hansı fayda əldə etmək və həyatını yüngülləşdirmək olar. Yadda saxlamaq lazımdır ki, həddən artıq yüksək dozada qəbul olunan hər hansı dərman belə zəhərə çevrilə bilər. Buna görə də biz sosial şəbəkələrdən yalnız ən yaxşını mənimsəməyi və “Çıxış” düyməsini vaxtında seçməyi öyrənməliyik. Bu baxımdan sosial şəbəkələrdə işləməklə bağlı bir sıra tövsiyələri təqdim etmək mümkündür. İnformasiyanın işlənməsi nəticəsində sosial şəbəkələrin istifadə olunması ilə əlaqəli problemlərin həllinin aşağıdakı bir sıra yollarını ayırd etmək olar:

  • Şəbəkədə olma müddətini məhdudlaşdırmaq;
  • Asudə vaxtın keçirilməsi üçün alternativ üsullar axtarmaq (Məsələn, idmanla, rəsmlə, tikişlə, kitab oxuma və s. məşğul olmaq);
  • Real həyata (ailədə, istirahət məkanlarında, işdə və başqa) daha çox diqqət ayırmaq;
  • Dostlarla daha çox vaxt keçirmək.

 

Xülasə 

Sosial şəbəkələr – yeniliklərin yayılma sürətində bir inqilabdır. Hal-hazırda bir çox xəbər təşkilatları birlikdə xəbər toplamaq və yaymaq üçün sosial şəbəkələrlə tərəfdaşlıq əlaqələri yaradır. Şəbəkə yalnız mədəni cəhətdən zənginləşmə sisteminin qurulmasına perspektivli müasir yanaşmalardan biri deyil, təhsilin şəbəkə təşkilini eyni zamanda innovasiya proseslərinin, digər idarəçilik paradiqmasının istiqaməti və xüsusi tipi, maariflənmə, gənc mədəniyyət işçiləri üçün motivasiya, təhsil sahəsinə adekvat predmet adlandırmaq olar.

Yeni texnologiyaların və medianın yaranmasının gənclərin böyümə dövrünün uzanması, individuallaşdırma, həyat stilinin gənclər üçün əhəmiyyəti, ənənəvi həyat tərzinin dağılması və şəhərlərin modernləşməsi kimi digər dəyişikliklərlə müşayiət olunmasını qeyd etmək lazımdır. Bütün bunlar gəncləri yeni həyat situasiyaları ilə üz-üzə qoyan əsas şərtlərdəndir. Bu cür dəyişikliklər və çevrilmələr onların həm zövqünə və dünyaya münasibətinə, həm də müasir cəmiyyətdə asudə vaxtını keçirməsinə təsir edir.

Ağamusa Hüseynov

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki və İxtisasartırma  Mərkəzinin Təlim-tədris şöbəsinin metodisti